×
ATAA-nın  “Yay mövsümünə hazırlıq” mövzusunda  IV  Baş Assambleyası keçirilib

Dövlət-özəl sektor arasında əməkdaşlığın inkişafı, sənaye subyektləri ilə əlaqələrin genişləndirilməsi, ölkənin turizm imkanlarının xarici bazarlarda tanıtımı, eləcə də turist cəlbediciliyinin və xidmət keyfiyyətinin artırırılması məsələləri mayın 14-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının “Yay mövsümünə hazırlıq” mövzusunda keçirilən IV Baş Assambleyasındamüzakirə olunub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov turizmin müxtəlif sahələrini birləşdirən ixtisaslaşmış ictimai birliklərin və bütövlükdə sənayenin təşkilatlanmasının dövlət-biznez tərəfdaşlığının inkişafında, sənaye ilə effektiv və çevik əlaqələrin qurulmasında mühüm rol oynadığını qeyd edib.

O, Dövlət Turizm Agentliyinin  Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına, eyni zamanda turizm sahəsində fəaliyyət göstərən bu kimi birliklərin fəaliyyətinə daim dəstək verdiyini, həmçinin Agentliyin turizmin tənzimlənməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, turizm məhsullarının yaradılması, marketinq və tanıtım kimi bir sıra mühüm istiqamətlərdə sənaye ilə əməkdaşlığın genişlənməsində əlaqələrin vacibliyini  vurğulayıb.

Tədbir çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının son iki ildə gördüyü işlər və nailiyyətlər haqqında videoçarx nümayiş olunub.

Assambleyada çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov öz ətrafında 170 turizm şirkətini birləşdirən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyətinin ölkə turizminin tərəqqisi, üzvlərin hüquqlarının qorunması və fəaliyyətlərinə dəstək göstərilməsi, Azərbaycanı xarici ölkələrdə cəlbedici turizm destinasiyası olaraq tanıdılması, eləcə də ölkəyə turist axınının artırılması üzərində qurulduğunu qeyd edib. O son illər ərzində ATAA-nın ölkə turizminin bərpası və inkişafı istiqamətində müxtəlif dövlət qurumları və təşkilatlarla, aviadaşıyıcılarla, beynəlxalq tərəfdaşlarla 300-ə yaxın görüş keçirdiyini, ikitərəfli və çoxtərəfli müzakirələrin aparıldığını diqqətə çatdırıb.

Çıxışı zamanı dövlət-özəl sektorun birgə fəaliyyətinin vacibliyinə toxunan Göydəniz Qəhrəmanov bu istiqamətdə əməkdaşlıq imkanlarının artırılmasının, digər sənaye subyektləri ilə də qarşılıqlı əlaqələrin genişləndirilməsinin ölkənin turizm sənayesinin sürətli inkişafına  təkan verəcəyini bildirib.

Assambleyada Assosiasiyasının nizamnaməsinə əsasən quruma yeni İdarə Heyəti sədrinin və İdarə Heyəti üzvlərinin seçkisi keçirilib.

Seçkinin yekun nəticəsi olaraq Göydəniz Qəhrəmanov yenidən  İdarə Heyətinin  sədri  seçilib .

Tədbir çərçivəsində yay mövsümünə hazırlıq  və turist cəlbediciliyinin artırılması imkanları, turizmdə mövsümiliyin aradan qaldırılması, gəlmə və daxili turizminin inkişafı, getmə turizmdə yeni istiqamətlər, turoperatorlarla turizm şirkətləri arasında işbirliyi və bir sıra digər məsələlərə dair panel müzakirələri təşkil edilib, sənayeni maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.

Panel müzakirələrdə  cari ilin ilk 4 ayının statistikasına əsasən ölkəyə səfər edən  əcnəbi vətəndaşların  sayında 40 faizə yaxın artımın olduğu qeyd edilib. Eləcə də qarşıdan yay turizm mövsümünün gəlməsi və növbəti aylarda ölkədə irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi kimi amillər nəzərə alınaraq ilin sonuna kimi müsbət dinamikanın müşahidə ediləcəyi, pandemiya səbəbindən turizmdə yaşanan böhrandan sonra 2024-cü ilin ən uğurlu il olacağı praqnozlaşdırılıb.