ATAA ilə Bakı Turizm Peşə Məktəbi arasında əməkdaşlıq əlaqələri genişləndirilir
Mayın 27-də Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Bakı Turizm Peşə Məktəbi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair saziş imzalanıb.
Sənədə əsasən, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən Bakı Turizm Peşə Məktəbinin tələbələrinə quruma üzv olan turizm şirkətlərində təcrübə keçmək imkanı yaradılacaq, tələbələr təşkilat tərəfindən həyata keçiriləcək müxtəlif tədbirlər zamanı könüllü fəaliyyət göstərmək imkanı qazanacaqlar. Eyni zamanda, məktəbin məzunlarının işlə təmin olunmasında köməklik göstərəcək.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev yeni əməkdaşlığın həm tələbələr, həm də assosiasiya üzvləri üçün faydalı olacağına, göstərilən turizm xidmətlərinin keyfiyyətinə müsbət təsir edəcəyini bildirib.
Görüş zamanı peşə təhsilinin üstünlüklərindən danışan məktəbin direktoru Neylüfər Kərimova əməkdaşlıq sənədinin tələbələrin nəzəri biliklərinin və iş qabiliyyətlərinin artırılmasında, tərəflər arasında qarşılıqlı əməkdaşlığın təşkilində, eləcə də tələbələrin təhsil və dünyagörüşü səviyyəsinin artırılmasında böyük rol oynayacağını qeyd edib.
Tədbirdə Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının, eləcə də“SKAL Baku” təşkilatının nümayəndələri iştirak edib.
Görüş çərçivəsində assosiasiyanın üzvləri Bakı Turizm Məktəbinin fəaliyyəti ilə tanış olub, onlara məktəbdə tədris olunan ixtisaslar və dərs prosesi barədə ətraflı məlumat verilib.