×
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əməkdaşlıq əlaqələri genişləndirilir
Turizm sahəsində sağlam rəqabətin qorunması və turizm xidmətləri göstərən xarici onlayn platformaların Azərbaycanda fəaliyyəti ilə bağlı məsələlər Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli arasında keçirilən görüşdə müzakirə olunub.
Görüş zamanı xüsusi icazələrin ləğvindən sonra ölkə turizmin inkişafında əhəmiyyətli irəliləyişin olduğunu deyən Göydəniz Qəhrəmanov təəssüf ki son illər qeyri-sağlam rəqabət göstərən, vergidən yayınan, bəzən qeydiyyat ünvanları belə məlum olmayan turizm şirkətlərinin artdığını, bunun da öz növbəsində dövlətin bütün normativ hüquqi tələblərinə, qanunlarına riayət edən şirkətlərin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib.
Assosiasiya sədri həmçinin yerləşmə və digər turizm xidmətləri göstərən xarici onlayn resurslarla turizm şirkətləri arasında rəqabətin və qiymət siyasətinin təşkilində narazılıqların yaşandığını, bu platformaların yerli nümayəndəlikləri olmadığından problemlərin həll edilmə imkanının mümkünsüzlüyünü vurğulayıb. Göydəniz Qəhrəmanov bununla əlaqədar olaraq, bu platformaların Azərbaycanda rəsmi qeydiyyatının olmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Görüşdə çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli turizm sahəsində yeni standartların formalaşdırılmasının və mövcud standartlara riayət olunmasının vacibliyini qeyd edib. O bütün turizm sənayesi nümayəndələrinə qüvvədə olan “Turizm haqqında” Qanunda irəli gələn müddəalara əməl edilməsinin zəruriliyini diqqətə çatdırıb. Məmməd Abbasbəyli Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə vətəndaşlar tərəfindən turizm sahəsi ilə əlaqədar daxil olan şikayətlərin hər zaman araşdırıldığını, qanunla nəzərdə tutulan qaydada tədbir görüldüyünü və bundan sonra da lazımi addımların atılacağını bildirib.
grid-449819116-884948723678967-2916495771833713626-n1720634786.jpg
Görüşdə həmçinin turizm sahəsində xidmət keyfiyyətinin artırılması, müştəri məmnunluğunun təmin olunması, turizm şirkətlərinin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi, hotellərdə həyata keçirilən rezervasiya proseslərində cərimələrin tətbiqində yaşanan problemlər, o cümlədən Azərbaycanda fəaliyyət göstərən xarici hava yollarının nümayəndəlikləri ilə turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin qurulması, yaşanan bir sıra çətinliklər və həlli yollarına dair fikir mübadiləsi aparılıb.