Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Dövlət Məşğulluq Agentliyi birgə əməkdaşlıq əlaqələrini müzakirə edib
Postpandemiya dövründə turizm sahəsinin inkişaf perspektivləri, bu sektorda işsiz olan şəxslərə, eləcə də iş axtaran sahibkarlara dəstək mexanizmlərinin hazırlanması, regionlarda yerləşən turizm obyektlərində məşğulluğun təmin edilməsi kimi məsələlər sentyabrın 12-də #AzərbaycanTurizmAgentlikləriAssosiasiyası (ATAA) və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov pandemiyadan sonra ölkə turizminin bərpa olunmağa başladığını, gəlmə turizmdə və daxili turizmdə müsbət dinamikanın müşahidə edildiyini bildirib.
Göydəniz Qəhrəmanov müəyyən çətinliklərin və çatışmazlıqların olmasına baxmayaraq regional turizmin inkişaf etdiyini, bu sektorda həm işsiz qalanlara, həm də işaxtaran sahibkarlara birgə dəstək göstərilməsinin vacibliyini diqqətə çatdırıb.
Rayon və kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsinin əhəmiyyətinə toxunan Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli turizm sahəsində fəaliyyət göstərən assosiasiyalarla əməkdaşlığın qurulmasının, bu sahədə ixisaslı kadrların hazırlanmasının mühüm olduğunu bildirib.
Mustafa Abbasbəyli çıxışı zamanı ATAA-nın nümayəndələrinə regionlarda yaradılan kənd qonaq evləri layihəsi haqqında məlumat verib, bu sahədə aparılan işlərlə bağlı birgə nəzarət mexanizminin və monitorinq qrupunun yaradılmasının, eləcə də hər iki qurum arasında əlaqələndirici nümayəndələrin təyin olunmasının vacib olduğunu bildirib.
Görüş çərçivəsində peşə təhsili sahəsində görülən işlər və gələcək planlar, turizm sahəsi üzrə önəmli sayılan peşələrin əmək bazarına uyğunlaşdırılması, informasiya mübadiləsinin aparılması, eləcə də ATAA-ya üzv olan şirkətlərin nümayəndələri üçün Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi layihələr barədə məlumatlandırıcı tədbirlərin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.