×

“ASAN Viza” sistemi vasitəsilə elektron vizaların verilməsi və onlardan istifadə edilməsi aşağıdakı şərtlər çərçivəsində həyata keçirilir:

1. Elektron vizalar (bundan sonra e-viza) yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir;

2. İkili və ya çox vətəndaşlığı olan əcnəbilər e-vizaya müraciət edərkən səyahət üçün istifadə olunacaq səyahət sənədinə uyğun olaraq milliyyətini seçməlidir. Əgər e-vizaya müraciət üçün istifadə olunan səyahət sənədi səyahət üçün istifadə olunacaq səyahət sənədindən fərqlidirsə, e-viza etibarsız sayılır. 

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər e-viza üçün Azərbaycan Respublikasının ərazisinə gəlməzdən əvvəl ən azı 3 iş günü (standart e-viza üçün) və ya 3 saat (təcili e-viza üçün)  müddətində müraciət etməlidirlər;

4. Səyahət sənədin etibarlılıq müddəti veriləcək e-vizanın etibarlılığın bitmə tarixindən 3 aydan çox olmalıdır;

5. Standart e-viza 3 iş günü və təcili e-viza isə 3 saat ərzində bayram və qeyri-iş günləri nəzərə alınmadan verilir. E-viza ilə Azərbaycan Respublikasında qalmaq icazəsi 90 gün ərzində 30  gün etibarlıdır. E-viza tək girişlik statusa malikdir;

6. Standart e-vizanın başlanma tarixi standart e-vizaya müraciət etdiyiniz tarixdən ən azı 3 iş günü sonra müəyyən edilir.  Təcili e-vizanın başlanma tarixi isə verildiyi andan müəyyən edilir;

7. Elektron vizanın alınması ilə bağlı müraciət edən şəxslər daxil etdikləri ərizə-anket məlumatlarının və sərhədkeçmə sənədinin fotoşəkil olan səhifəsinin skan edilmiş surətinin doğruluğuna, o cümlədən həyata keçirdikləri ödənişlərin düzgünlüyünə görə şəxsən məsuliyyət daşıyırlar;

8. Elektron poçt ünvanı düzgün daxil edilməlidir. E-viza müraciətləri və ödənişlərin qəbul edilməsinə dair məlumatlar, e-viza verilməsi və ya rədd edilməsi barədə məlumatlar daxil olmaqla müraciətçinin elektron poçt ünvanına göndərilir;

9. Səhv və tam olmayan məlumatlar daxil edildikdə və ya ödənişlər düzgün həyata keçirilmədikdə elektron vizanın alınması ilə bağlı müraciət qəbul edilmir;

10. Sərhədkeçmə sənədinin fotoşəkil olan səhifəsinin “ASAN Viza” sistemi tərəfindən oxunması mümkün olmadıqda elektron vizanın verilməsindən imtina edilir;

11. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16-cı maddəsində müəyyən edilmiş hallarda e-viza müraciəti rədd edilir və ya verilmiş viza ləğv edilir və ya şəxsin ölkəyə daxil olmasına icazə verilmir. ASAN Viza sistemi e-viza verilməsinin rədd edilməsinə və ya ölkəyə daxil olmaq qadağasına görə heç bir məsuliyyət daşımır;

12. Elektron vizanın verilməsindən imtina edildikdə, “ASAN Viza” sistemi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16-cı maddəsinə əsasən edilmiş imtinanın səbəbi barədə müraciət etmiş şəxsin elektron ünvanına məlumat göndərir;

13. Elektron vizanın verilməsindən imtina edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizanın alınması üçün Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinə yenidən müraciət edə bilərlər;

14. Elektron vizanın verilməsindən imtina edildikdə həyata keçirilən ödənişlər geri qaytarılmır;

15. Elektron viza sərhədkeçmə sənədinə yapışdırılmır və əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən sərhədkeçmə sənədi ilə birgə təqdim olunur;

16. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti qalma müddəti e-vizanın verildiyi tarixdən etibarən 30 gün müddətini keçməməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti qalma müddəti uzadılmadığı, onlara ölkədə müvəqqəti yaşayış icazəsi verilmədiyi, onların ölkədəki müvəqqəti yaşayış müddətinin uzadılmasına və ya müvəqqəti yaşayış icazəsinin verilməsinə dair müraciətləri qəbul edilmədiyi təqdirdə Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər;

17. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində 15 gündən artıq müvəqqəti qalarsa (həmçinin ölkə daxilində yaşayış yerini dəyişdikləri hallarda) müvəqqəti yaşayış yerinin rəhbərliyi (otel, sanatoriya, istirahət evi, kurort, düşərgə, turist düşərgəsi, xəstəxana və digər ictimai yerlər) və ya mənzil sahibləri və ya digər yaşayış yerləri Azərbaycan Respublikasının Miqrasiya Xidmətinə heç bir dövlət rüsumu ödəmədən qeydiyyat etməyə müraciət etməlidirlər.

18. Elektron vizada göstərilən müddətdən artıq ölkə ərazisində qalan və ya olduğu yer üzrə qeydiyyata alınmayan (15 gündən artıq qaldıqda) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı qaydalarına əməl edilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur);

19. Elektron viza Azərbaycan Respublikasına səyahət etmək və daxil olmaq üçün ilkin giriş icazəsidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş hallarda girişə icazə verilməyə bilər;

20. Elektron viza əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququ vermir. Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş qaydada əmək vizası (ölkədə qalma müddəti 90 günədək müəyyən edilir) almalıdırlar;

21. Azərbaycan Respublikasının ərazisində həm müvəqqəti yaşamaq, həm də haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş qaydada müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar;

22. Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici kütləvi informasiya vasitələrinin müxbir və operatorları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müvafiq akkreditasiyadan keçdikdən sonra “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq üçün müraciət edə bilərlər. Müvafiq akkreditasiyadan keçmədən elektron viza alaraq Azərbaycan Respublikasının ərazisində jurnalist fəaliyyəti ilə məşğul olan və bu məqsədlə çəkiliş aparan şəxslərə verilmiş viza ləğv edilir və onlar ölkə hüdudlarından kənara çıxarılırlar;

23. Elektron viza etibarlılıq müddəti ərzində istifadə olunmazsa, o qüvvədən düşür;

24. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan Respublikasının ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilərlər;

25. Sərhədkeçmə sənədi olmadan, vizasız və ya etibarlı olmayan sərhədkeçmə sənədi ilə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmadan, gəldikləri ölkəyə qaytarılacaqlar;

26. Saxta və ya başqasına məxsus sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər;

27. Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi icazəsi olmadan səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanın alınıb-alınmamasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisinə buraxılmaya bilərlər;

28. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanın alınması üçün müraciət edərkən texniki-texnoloji, o cümlədən ödənişlərin həyata keçirilməsi ilə bağlı problemlərlə üzləşdikdə və ya verilmiş elektron vizanın etibarlılığını və həqiqiliyini yoxlamaq istədikdə bu barədə müraciəti “ASAN Viza” sisteminin elektron ünvanına ([email protected]) göndərə bilərlər.

Qeyd: Elektron vizaların verilməsi ilə bağlı şərtlərdə qarşı tərəfə xəbər verilmədən istənilən vaxt dəyişiklik edilə bilər.

 

e-Viza verilən ölkələr

 

 


ABŞ
Albaniya
Almaniya
Argentina
Avstraliya
Monqolustan
Monteneqro
Avstriya
Belçika
Bəhreyn
Birləşmiş Krallıq
Birləşmiş Ərəb Əmirlikləri
Mərakeş
İndoneziya
Bolqarıstan
Braziliya
Bruney Darussalam
Cənubi Afrika
Danimarka
Nepal
Niderland
Ekvador
Estoniya
Çex Respublikası
Finlandiya
Fransa
Norveç
Oman
Hindistan
Çili
Çin
Kanada
Kipr
İordaniya
Panama
Kolumbiya
Kosta Rika
Koreya Respublikası
Kuba
Kuveyt
Paraqvay
Peru
Latvia
Litva
Lüksemburq
Macarıstan
Makedoniya
Polşa
Portuqaliya
Malayziya
Maldiv
Malta
Mavriki
Meksika
Qvatemala
İran (İslam Respublikası)
Şri Lanka
İrlandiya
Rumıniya
Serbiya
Sinqapur
İslandiya
Slovakiya
Sloveniya
İspaniya
İsrail
Səudiyyə Ərəbistanı
 İsveçrə
İsveç
Tailand
İtaliya
Türkmənistan
Vyetnam
Xorvatiya
Yaponiya
Yeni Zelandiya
Yunanıstan