Füzuli Beynəlxalq Hava Limanı üzərindən Qarabağa turistik səfərlərin təşkili və turistlərin cəlb edilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Füzuli Beynəlxalq Hava Limanının direktoru Zaur Qasımov arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüşdə iyul ayının 17-dən etibarən Füzuli Beynəlxalq Hava Limanının müntəzəm resyləri qəbul edəcəyini bildirən Zaur Qasımov bundan sonrakı dönəmdə vətəndaşlar üçün səfərlərin daha da asanlaşacağını,bunun da öz növbəsində Qarabağ bölgəsinə ziyarət edənlərin sayına müsbət təsir edəcəyini diqqətə çatdırıb.
O, istər bilet satışlarında, istərsə də turpaketlərin hazırlanmasında, eləcə də turların təşkilində üzv şirkətləri aktiv olmağa və iş birliyinin formalaşdırılmasında dəstək göstərməyə çağırıb.
Son zamanlar Şuşaya və Laçına təşkil olunan turist səfərlərində və fərdi ziyarətlərdə əhəmiyyətli artımın müşahidə olunduğunu qeyd edən Göydəniz Qəhrəmanov Füzuli Beynəlxalq Hava Limanının vətəndaşların tam istifadəsinə verildikdən sonra məsafənin olduqca qısalacağına, turistlər üçün təşkil olunan turların daha rahat şəkildə keçəcəyini bildirib. ATAA sədri daxili turizmin inkişafında Qarabağ bölgəsinin xüsusi çəkisinin olduğunu və səfər etmək istəyən turistlər arasında hər zaman böyük maraq doğurduğunu qeyd edib. O gələcəkdə xarici turistlərin cəlb edilməsində bölgədəki hava limanlarının əhəmiyyətli rol oynayacağını vurğulayıb.
Görüş çərçivəsində Şuşa turlarını həyata keçirən Summer Tour Azerbaijan turoperatorunun icraçı direktoru Qüdrət Hacıyev Qarabağda istifadəyə verilən və nəzərdə tutulan hava limanlarının aktiv fəaliyyətindən sonra bölgənin turizm potensialının inkişafı baxımından yeni bir mərhələnin başlanacağını deyib. O birbaşa uçuşların müştəri məmnunluğuna müsbət təsir göstərəcəyini vurğulayıb.
Müzakirələr zamanı həmçinin ATAA və üzv şirkətlərlə iş münasibətlərinin formalaşdırılması, əməkdaşlıq əlaqələrinin inkişafı və daha geniş tərkibdə görüşlərin keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki,avia biletlərin satışı açıq sistem üzərindən həyata keçiriləcək.