25 dekabr tarixində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq media və turizm sənayesi nümayəndələrinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyevin izi ilə” turunun təqdimatı keçirilib.
Təqdimatda turun Ulu Öndərin Naxçıvanda qorunmasına xüsusi diqqət ayırdığı tarix və mədəniyyət abidələrini, həyat və fəaliyyəti ilə əlaqəli, eləcə də onun xatirələrinin yaşadıldığı məkanları əhatə etməsi haqqında məlumat verilib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 30-yaxın üzvinin də iştirak etdiyi səfər çərçivəsində media və sənaye nümayəndələri üçün Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə Sibirdən gətirilərək doğma vətənində dəfn edilən və qəbri üzərində xatirə abidəsinin ucaldıldığı böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavid məqbərəsinə, hazırda Bəhruz Kəngərli Muzeyi kimi fəaliyyət göstərən Heydər Əliyevin 1938-1939-cu illərdə təhsil aldığı Pedaqoji Texnikumun binasına, hazırda Naxçıvan Turizm İnformasiya Mərkəzi kimi fəaliyyət göstərən, tarixən Zaviyə-Mədrəsə binası kimi tanınan, Ümummilli Liderin 1930-cu illərdə şahmat, musiqi və dram dərnəklərinin üzvü olduğu Naxçıvan Şəhər Pionerlər Evinin binasına, Ulu Öndər Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə abadlıq və yenidənqurma işlərinin aparıldığı “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksinə, Ümummilli Liderin təşəbbüsü ilə 1977-ci ildə "qoruq-şəhər" elan edilmiş Ordubad şəhərinə, o cümlədən “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə, Naxçıvan Dövlət Milli Dram Teatrına tanışlıq turu təşkil edilib.
Həmçinin media və turizm nümayəndələri “Əhabi-Kəhf” ziyarətgahına baş çəkib,Ordubad rayonunda “Qeysəriyyə” binası, Ordubad Cümə məscidi və tarixi küçələri ilə tanış olublar.