×
Turizm sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dövlət Turizm Agentliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın və “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Turizm biznesi: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə təşkil olunub.
Tədbirdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, 70-ə yaxın turizm sahəsində fəaliyyət göstərən sahibkar iştirak edib.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov rəhbəri olduğu şuranın təşkilatçılığı ilə müxtəlif sektorlarda fəaliyyət göstərən KOB subyektlərinin iştirakı ilə prioritet mövzularda ictimai müzakirələrin təşkil olunmasının diqqətdə saxlanıldığını, turizm mövsümünün aktivləşməsi dövründə keçirilən tədbirin məqsədinin sektorun vəziyyətinin və sahibkarların gözləntilərinin öyrənilməsi, dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirə edilməsi olduğunu qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov turizm sektorunun pandemiya dövründə zərər çəkən sahələrdən olduğunu, lakin digər sahələrdə olduğu kimi turizm sektorunda da canlanmanın müşahidə edildiyini bildirib. Qeyd olunub ki, KOBİA turizm sektorunda biznesin qurulması və inkişafını müxtəlif mexanizm və xidmətlərlə dəstəkləyir, bu istiqamətdə Dövlət Turizm Agentliyi və digər tərəfdaşlarla birgə layihələr həyata keçirir. KOBİA turizm sektorunda fəaliyyət göstərən sahibkarlarla mütəmadi olaraq görüşlər, onlar arasında sorğular keçirir. Bu görüşlərin və sorğuların nəticələrinə əsasən turizm sektorunda çalışan sahibkarların çətinlikləri maliyyə vəsaitlərinə çıxış, kadr çatışmazlığı, regionların turizm üçün əlverişli zonalarında infrastrukturun əlçatan olmaması və s. ilə bağlıdır. Kreditləşmə prosedurunun sadələşdirilməsi və alternativ maliyyələşmə mexanizmlərinin tətbiqi, peşəkar kadrların hazırlanması istiqamətində sahibkarların maarifləndirilməsi bu məsələlərin həllində əhəmiyyətli olacaqdır.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qurumun turizm siyasətində iqtisadi yanaşmanın əsas götürüldüyünü, turizm sektorunun ümumi daxili məhsulda payının artırılmasının və 2026-cı ildə ümumi turist xərcləmələrinin 10 milyard manata çatdırılmasının hədəf kimi müəyyən edildiyini bildirib. Qeyd olunub ki, Dövlət Turizm Agentliyinin fəaliyyəti turizmdə strateji idarəetmə, turizmin tənzimlənməsi, turizm infrastrukturunun təkmilləşdirilməsi, marketinq və kommunikasiyanın gücləndirilməsi, turizm məhsullarının yaradılması və inkişaf etdirilməsi kimi 5 əsas istiqamət üzrə qurulub.
Agentlik sədri turist səfərlərinin stimullaşdırılması üçün hava nəqliyyatında, həmçinin mehmanxanaların fəaliyyətində pandemiya dövründən irəli gələn müəyyən sanitar tələblərin aradan qaldırıldığını, viza rejiminin liberallaşdırılması, asanlaşdırılması istiqamətində hökumət səviyyəsində yeni müzakirələrə başlandığını vurğulayıb. Fuad Nağıyev turizm təkliflərinin stimullaşdırılması məqsədilə turizm və rekreasiya zonalarının yaradılması, sahibkarlar üçün əlverişli investisiya rejiminin formalaşdırılması üçün normativ bazanın təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını qeyd edib. Eyni zamanda hava nəqliyyatı siyasəti ilə turizmin inkişafı siyasətinin uzlaşdırılması istiqamətində Agentliyin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, əlavə iqtisadi təşviqlərin verilməsi, maliyyə əlçatanlığının təmin edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq etdiyini bildirib.
Tədbirdə çıxış edən “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov ilk olaraq post pandemiya dövründə assosiasiyanın fəaliyyəti və gördüyü işlər haqqında məlumat verib. Assosiasiya sədri son zamanlar turizmin bərpası və inkişafında əhəmiyyətli irəliləyişin müşahidə edildiyini,lakin bir sıra məsələlərin həlli istiqamətində çətinliklərin hələ də mövcud olduğunu qeyd edib.O, təşkil edilən bu formatlı müzakirə platformaların problemlərin həllinə və sektorun inkişafına müsbət təsir edəcəyinə ümid etdiyini bildirib.
Tədbirin ikinci hissəsində turizm şirkətlərinin qaldırdığı hava yollarının fəaliyyəti,vergi güzəştlərinin tətbiqi, viza rejiminin sadələşdirillməsi, asan vizanın coğrafiyasının genişləndirilməsi, turizm reyestrinin istifadəyə verilməsi, eləcə də dəmir yolu ilə səyahət imkanları, regional turizmin inkişafı, güzəştli kreditlərin verilməsi və sairə məsələlərə dair müzakirələr aparılıb.

grid-342328113-6148314505257206-5540906400771879700-n1682429530.jpggrid-342410699-1917215591952952-2619015941846323376-n1682429531.jpggrid-341522064-597107022478097-4251791766753106528-n1682429529.jpggrid-342333172-159162620139247-6834954291267322953-n1682429530.jpggrid-342717158-661981069022532-5399941097215067028-n1682429532.jpggrid-342479634-6949746735041243-5845176746552324265-n1682429531.jpg