×
İordaniya Haşimilər Krallığı Azərbaycanla turizm əlaqələrinin genişləndirilməsinə maraq göstərir

Turizm əlaqələrinin inkişafı, iki ölkə arasında qarşılıqlı turistik səfərlərin sayının artırılması, turizm şirkətləri ilə B2B formatlı görüşlərin keçirilməsi avqustun 18-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşehin və İordaniya Turizm Bürosunun marketinq direktoru Ahmad Alhamud arasında baş tutan işgüzar görüşdə müzakirə olunub.
Görüşdə iki ölkənin turizm təşkilatları arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, turizm şirkətləri üçün tanışlıq məqsədli infoturların təşkili, turizm sahəsində təcrübə mübadiləsinin aparılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Krallığın tarixiliyi və memarlığı baxımından cəlbedici turizm istiqaməti olaraq Azərbaycanlı turistlər üçün maraqlı olduğunu qeyd edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın Krallıq ilə turizm sahəsində əlaqələrin inkişafına dəstək göstərməyə hazır olduğunu deyib. Assosiasiya rəhbəri birgə əməkdaşlıq çərçivəsində yaxın dövr üçün İordaniyadan Azərbaycana səfər edən turistlərin sayının artacağına ümid etdiyini bildirib.
İordaniya Haşimilər Krallığının səfiri Sami Asem Ğoşehin ölkəsinin Azərbaycanla turizm sahəsində əməkdaşlığa maraq göstərdiyini və bu istiqamətdə birgə fəaliyyətə hazır olduqlarını bildirib. Səfir istirahət, dini və müalicəvi turizm baxımından İordaniyanın geniş imkanlara sahib olduğunu qeyd edib. Sami Asem Ğoşehin birbaşa uçuşların təşkilinin vacibliyinə də toxunaraq bunun iki ölkənin turizminə gələcəkdə müsbət təsir edəcəyini deyib.
Görüşdə iki ölkənin turizm sahəsinin inkişafına və təbliğinə yönəlik bu formatlı görüşlərin davamlı keçirilməsi qərara alınıb.

grid-photo-71668535354.jpg

grid-photo-51668535354.jpg

grid-photo-61668535354.jpg