×
Bakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir
“Bakı-Vyana-Bakı birbaşa uçuşlarının ikitərəfli turizm əlaqələrin inkişafı ilə yanaşı, qarşılıqlı turist mübadiləsinə də töhfəsini verəcək, Azərbaycanı Avropalı turistlər üçün daha əlçatan edəcək”. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aprelin 24-də Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Dövlət Turizm Agentliyi və Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən təqdimat tədbirində qeyd edib.
Fuad Nağıyev Azərbaycanın turizm destinasiyası kimi tanıdılmsı məqsədilə genişmiqyaslı tədbirlərin görüldüyünü, dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət ayrıldığını, pandemiyadan sonrakı bərpa prosesində Avropadan gələn turist sayının artacağına inamını ifadə edib.
Azərbaycan Respublikasının Avstriya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Rövşən Sadıqbəyli tədbirdə çıxış edərək Azərbaycan və Avstriya arasında iqtisadi-ticari əlaqələrinin dinamik inkişaf etdiyini, turizm əlaqələrinin inkişafının dostluq və tərəfdaşlıq münasibətlərinə töhfə verəcəyini qeyd edib.
Tədbirdə iştirak edən Avstriya Respublikasının Federal Əmək və İqtisadiyyat Nazirliyinin turizm üzrə Dövlət katibi Suzanna Kraus-Vinkler birbaşa hava uçuşlarının turizm sahəsində mühüm rol oynayaraq insanlara rahat səyahət seçimləri verdiyini, həmçinin iqtisadi faydalar gətirdiyini bildirib. O, Vyana-Bakı uçuşlarının ölkələrimiz arasında turizm və iqtisadi əlaqələrin güclənməsində əsaslı rol oynayacağını, turizm üzrə uğurlu əməkdaşlıqlara təkan verəcəyini qeyd edib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev AZAL tərəfindən icra ediləcək birbaşa uçuşlarda sərnişinlərin daşınmasının, uçuşların rahatlığının və xidmətin yüksək keyfiyyətlə təmin ediləcəyinə əminliyini ifadə edib. O, növbəti mərhələdə AZAL tərəfindən digər Avropa şəhərlərinə də birbaşa uçuşların həyata keçiriləcəyini vurğulayıb.
Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Vyanadan Bakıya birbaşa uçuşların həyata keçirilməsinin strateji məqsədlərdən biri olduğunu, uçuşların yalnız Avstriya ilə deyil, Almaniya və İsveçrə kimi hədəf ölkələrlə də turizm əlaqələrinin genişlənməsinə müsbət təsir edəcəyini bildirib. O, Avstriyada mütəmadi olaraq keçirilən, turistlərin sayının artırılmasına yönəlmiş tanıtım və təbliğat tədbirlərinin intensivləşdiriləcəyini nəzərə çatdırıb.
Avstriyadan dövlət rəsmiləri, turizm sənayesi nümayəndələri, Avstriya və Slovakiyadan olan media nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın milli mətbəx nümunələri və şərabçılıq məhsulları təqdim olunub, milli incəsənət ustalarının iştirakı ilə mədəni proqram təşkil edilib.
Mayın 2-dən etibarən start veriləcək Bakı-Vyana-Bakı uçuşlarının həftədə iki dəfə olmaqla çərşənbə axşamı və cümə günləri həyata keçirilməsi planlaşdırılır. Avstriya Respublikasının vətəndaşları üçün üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza" elektron sistemi tətbiq olunur.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev və Vyana Beynəlxalq Hava Limanının Baş icraçı direktoru, Baş əməliyyatlar müdiri Julian Jaqer arasında keçirilən üçtərəfli görüşdə iki ölkə arasında başlayacaq birbaşa uçuşların qarşılıqlı turist səfərlərinə töhfəsi, həmçinin işgüzar səfərlərin artmasın təsiri haqqında müzakirələr aparılıb. Həmçinin görüşdə Vyana Hava Limanında AZAL-ın reklamlarının yerləşdirilməsi, Vyananın digər Avropa ölkələri üçün Azərbaycana uçuşda mərkəzi tranzit rolunu oynayacağı haqqında fikir mübadiləsi aparılıb.
Avstriyanın Əmək və İqtisadiyyat Nazirliyinin turizm üzrə baş direktoru xanım Ulrike Rauch-Koshmannla görüşdə turizmdəki mövcud tendensiyalar, turizm əlaqələrinin təşviqi yolları, qarşılıqlı səfərlərdə rəqəmlərin artırılması yolları və viza tələbləri haqqında fikir mübadiləsi aparılıb.
Agentlik sədrinin Avstriya Federal İqtisadi Palatasının Turizm sənayesi federal idarəsinin baş direktoru Manfred Katzenschlager ilə görüşündə birgə marketinq kampaniyaları, yeni turizm məhsullarının qarşılıqlı tanıtımı və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
Səfər çərçivəsində Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetində keçirilən görüşdə Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universitetinin Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə ikili diplom proqramı çərçivəsində 2007-ci ildən bəri uğurla əməkdaşlıq etməsi, Dövlət Turizm Agentliyin dəstəyi həyata keçirilən Azərbaycan-Avstriya Turizm Proqramı üzrə universitetin rektoru Dr. Karl Ennsfellner və Beynəlxalq proqramlar direktoru Jens Peter EnneIlə müzakirələr aparılıb.
Səfər zamanı, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov ilə Avstriyanın Səyahət Agentlikləri Assosiasiyasının sədri Greqor Kadanka arasında görüşlər keçirilib, ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə edilib.Görüşdə Avstriyanın turizm şirkətləri ilə B2B (biznesdən-biznesə) formatlı görüşlərin keçirilməsi, tanışlıq məqsədli qarşılıqlı infoturların təşkili, turpaketlərin hazırlanması, təcrübə mübadiləsinin aparılması və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

grid-foto-11682429798.jpggrid-photo-5348411727785609064-y1682429798.jpggrid-photo-5348411727785609073-y1682429798.jpggrid-21682429795.jpggrid-31682429795.jpggrid-41682429796.jpggrid-51682429796.jpggrid-71682429797.jpggrid-61682429797.jpg