Mayın 5-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib.
İclasda Assosiasiyanın sədri Göydəniz Qəhrəmanov qurumun son iki ayda gördüyü işlər, dövlət qurumları və xarici ölkə səfirlikləri ilə keçirilən işgüzar görüşlər, üzv şirkətlərin beynəlxalq sərgilərdə iştirakı haqqında İdarə Heyəti üzvlərinə məlumat verib.
ATAA-sədri qarşıdakı günlərdə banklarla əməkdaşlıq, qarşılıqlı biznes əlaqələrinin qurulması istiqamətində Azərbaycan Banklar Assosiasiyası ilə görüşün keçiriləcəyini, şirkətlərin maliyə-kredit sahəsində üzləşdiyi bir sıra çətinliklərin həllinə dair müzakirələr aparılacağını qeyd edib.
Göydəniz Qəhrəmanov həmçinin turizm şirkətlərinə də şamil olunan Turizm İnformasiya Mərkəzinin (Turizm Reyestri) tədbiqinə də toxunaraq bu platformanın turizm sənayesinin inkişafı və sağlam rəqabətin qorunub saxlanması üçün vacibliyindən söz açıb və şirkətləri qeydiyyatdan keçməyə çağırıb.
Toplantıda yay mövsümünə hazırlıq, qurumun gələcək planları, üzv şirkətlər arasında etik davranış kodeksinə riayət olunması məsələləri də müzakirə olunub, eləcə də ATAA nəzdində Nizam-İntizam Komissiyası yaradılıb.İdarə Heyətinin qərarına əsasən Ayxan Əlləzli Komitənin sədri təyin edilib.
İclasın sonunda Assosiasiyaya ünvanlanan yeni üzvlük müraciətlərinə baxılıb.İdarə Heyəti tərəfindən aparılan müzakirələrin nəticəsinə uyğun olaraq 13 şirkətdən 9-nun müraciətinə müsbət qərar verilib.