×
AZAL ilə ATAA nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Hava Yolları (AZAL) QSC və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) nümayəndələrinin görüşü keçirilib.

Tədbirdə Azərbaycan Hava Yolları (AZAL) QSC-nin prezidenti Samir Rzayev və Azərbaycan Turizm Agentlikəri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov iştirak ediblər.
Görüşün əsas məqsədi AZAL ilə ATAA üzvləri arasında əməkdaşlıq əlaqələrinin inkişafını müzakirə etmək və cari ildə AZAL tərəfindən həyata keçirilən tədbirlər, həmçinin 2025-ci il üçün nəzərdə tutulan layihələr və yeniliklər, istiqamətlər haqqında üzv şirkətləri məlumatlandırmaqdır.

Görüşdə çıxış edən Azərbaycan Hava Yolları (AZAL) QSC-nin prezidenti Samir Rzayev son illər hava nəqliyyatı ilə həyata keçirilən sərnişindaşımada əldə olunan uğurlar, cari ildə açılan yeni istiqamətlər, turist cəlbediciliyi baxımından maraq doğuran hədəf bazarları, eləcə də sərnişin xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı atılan addımlar, gələcək planlar və layihələr haqqında ATAA üzvlərini məlumatlandırıb. Müzakirələr zamanı Samir Rzayev həmçinin ölkənin turizm sənayesinin inkişafı istiqamətində görülən işlərlə bağlı fikirlərini bölüşüb və AZAL-ın Azərbaycan Turizm Agentlikəri Assosiasiyası ilə bundan sonra da səmərəli əməkdaşlığın artırılmasında maraqlı olduğunu bildirib.

Gələcəkdə AZAL ilə ATAA üzvləri arasında yüksələn templərlə davam edən müsbət əlaqələrin genişləndiriləcəyini bildirən Azərbaycan Turizm Agentlikəri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov yaradılan iş birliyinin ölkə turizminin tərəqqisinə və turist cəlbediciliyinin artırılmasına mühüm töhfələr verəcəyini vurğulayıb.

ATAA sədri əməkdaşlıq çərçivəsində göstərdiyi dəstəyə görə Azərbaycan Hava Yolları (AZAL) QSC-nin prezidenti Samir Rzayevə ATAA üzvləri adından təşəkkür edib. Görüşün sonunda AZAL prezidentinə ATAA-nın hədiyyəsi təqdim edilib və tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib.
grid-photo-azal-11735014578.jpg