Tibbi turizmin təşviqi və inkişafı məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüşdə çıxış edən Göydəniz Qəhrəmanov İcraçı direktoru Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sektorunun inkişafında rolu, üzvlərinin sayı haqqında məlumatlandırıb.
Son illər Azərbaycana müxtəlif ölkələrdən səfər edən əcnəbi qonaqlar sırasında xüsusi ilə ümumi müayinə (check up), kosmetoloji, koordioloji və digər müraciətlərin yer aldığını deyən ATAA sədri tibbi turizmin ölkənin turizm bazarı üçün yeni, lakin cəlbedici və gəlirli istiqamət olduğunu bildirib. Göydəniz Qəhrəmanov Assosiasiyasının dövlət qurumları ilə əməkdaşlığa hər zaman önəm verdiyini və bu sahədə layihələrin hazırlanmasında və təşviqində birgə fəaliyyət göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in tibbi turizmin inkişafında maraqlı olduğunu, bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın müsbət nəticələnəcəyinə inandığını bildirib. O, ilkin mərhələdə tibbi xidmət almaq üçün ölkəmizə gələcək turistlərin TƏBİB-in tabeliyindəki Yeni Klinikada ödənişli əsaslarla keyfiyyətli tibbi xidmətlə, hətta hotel xidmətləri ilə təmin oluna biləcəklərini diqqətə çatdırıb. İcraçı direktor gələcəkdə aparılan yenidənqurma işlərindən sonra dövlət tibb müəssisələrinin bir çoxunun xarici turistləri qəbul etmək imkanlarının genişlənəcəyini bildirib.
Görüşdə dövlət-özəl sektor arasında əməkdaşlıq imkanlarının formalaşdırılması, birgə iş birliyinin yaradılması, üzv şirkətlərlə əlaqələrin genişləndirilməsi, tibbi turizmdə təklif olunan xidmətlərin sayının artırırlması, eləcə də qiymət siyasətinin tənzimlənməsi, turizm sığortasının əhatə dairəsinin genişləndirilməsi, tibbi turizmdə beynəlxalq təcrübənin öyrənilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aprılıb.
Görüş çərçivəsində hər iki təşkilat arasında tərəfdaşlıq əlaqələrinin inkişafı məqsədi ilə işçi qrupunun yaradılması həmçinin turistlər üçün xidmətlər zərfinin hazırlanması qərara alınıb.