Dağ yəhudiləri icmasının mədəni müxtəlifliyinin və irsinin turistlərə tanıdılması və Qırmızı Qəsəbənin seçilən turizm marşrutu olaraq təbliği məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Dağ Yəhudilərinin İrsi Mərkəzinin direktoru İqor Şaulov arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüş zamanı Azərbaycana turist cəlbediciliyi baxımından Şimal bölgəsinin əhəmiyyətli istiqamətlərdən bir olduğunu bildirən Göydəniz Qəhrəmanov bu destinasiyaya ATAA-nın həm getmə,həm də gəlmə turizmi ilə məşğul olan üzvləri tərəfindən böyük maraq göstərildiyini qeyd edib.
Assosiasiya sədri yanvar-aprel ayları ərzində ölkəyə səfər edən əcnəbi qonaqların sayının 2023-cü ilin analoji dövrü ilə müqayisədə 39 faiz artdığını və bu göstəricilərə əsasən yay mövsümündə Azərbaycana səfərlərin sayının və artım dinamikasının yüksələcəyini vurğulayıb.
Azərbaycanda turistlər üçün təqdim olunan səfər istiqamətləri sırasında Şimal bölgəsinin, xüsusi ilə tarixi və mədəniyyəti ilə seçilən Qırmızı Qəsəbənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Göydəniz Qəhrəmanov Assosiasiyanın bu bölgəyə turist cəlbediciliyinin artırılması üçün əməkdaşlığı genişləndirməyə hazır olduğunu qeyd edib.
Görüş zamanı Dağ Yəhudilərinin İrsi Mərkəzinin direktoru İqor Şaulov Assosiasiya sədrinə muzeyin fəaliyyəti, yerli icmanın mədəni tərəqqisində oynadığı rolu, keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. O 2024-cü ildə Qırmızı Qəsəbənin yaradılmasının 290-cı ilinin qeyd ediləcəyini, bununla əlaqədar olaraq bir sıra tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. İqor Şaulov ATAA üzvləri tərəfindən Qırmızı Qəsəbəyə və Dağ Yəhidiləri Muzeyinə təşkil olunan səfərlərə bundan sonra da dəstək gəstərməyə hazır olduqlarını bildirib.
Müzakirələr zamanı ATAA üzvləri üçün Qırmızı Qəsəbəyə infoturların təşkili,gələcək əlaqələrin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparlıb.