×
ATAA və Air Arabia qarşılıqlı əməkdaşlıq əlaqələrini müzakirə ediblər


Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri istiqamətində aviauçuşların təşkili və intensivliyin artırılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Air Arabia hava yolları şirkətinin Baş Regional Meneceri Nikolas Kehdi və şirkətin Bakı nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

 

Görüşdə Assosiasiyanın fəaliyyəti haqqında ətraflı məlumat verən Göydəniz Qəhrəmanov Yaxın Şərq regionunun, xüsusi ilə Birləşmiş Ərəb Əmirliklərininüzv şirkətlər üçün əsas hədəf bazarlarından biri olduğunu, bu istiqamətdə fəaliyyətin genişləndirilməsi üçün əməkdaşlıq əlaqələrinin inkişafının vacibliyini qeyd edib. ATAA sədri 2023-cü ildə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında viza rejiminin aradan qaldırılmasının mühüm hadisə olduğunu və bu addımın turist səfərlərinə müsbət təsir göstərdiyini bildirib. Müzakirələr zamanı Göydəniz Qəhrəmanovcari ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərindən  Azərbaycana 16 minə yaxın  şəxsin səfər etdiyini və ötən ilin analoji dövrü ilə müqayisədə 100 faiz artıma nail olunduğunu diqqətə çatdırıb.

 

Hazırda Air Arabia vasitəsi ilə həftədə Əbu Dabi istiqamətinə 10, Şarca istiqamətinə isə 4 dəfə olmaqla  uçuşların həyata keçirildiyini qeyd edən hava yolları şirkətinin Baş Regional Meneceri Nikolas Kehdi turist cəlbediciliyi baxımından Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyib. O,Air Arabia şirkətinin 110 yeni təyyar aldığını və mövcud təyyarə parkının genişləndirildiyini diqqətə çatdırıb.Aviaşirkət rəsmisi gələcəkdə Azərbaycan üzrə uçuşların intensivliyi baxımından reyslərin sayının artırılması məsələsinə də baxıla biləcəyini bildirib.

 

Görüş çərçivəsində həmçinin qarşılıqlı turist səfərlərinin sayının artırırlması, digər ölkələrə tranzit uçuşların təşkili, birgə iş birliyinin yaradılması, B2B formatlı görüşlərin keçirilməsi, eləcə də üzv şirkətlər üçün uyğun qiymət siyasətinin formalaşdırılması, operativ kommunikasiya əlaqələrinin qurulması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.