Türkiyədə təşkil olunan turizm sərgilərində ATAA üzvlərinin iştirakı və sərgi təşkilatçıları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması məsələləri aprelin 4-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla “Izmir Expo 2026” nın Baş direktor müavini Oya Aksay arasında keçirilən görüşdə müzakirə olunub.
Görüş çərçivəsində ATAA sədri Assosiasiyanın fəaliyyəti və üzvləri haqqında məlumat verib. Göydəniz Qəhrəmanov Türkiyənin müxtəlif şəhərlərində hər il təşkil olunan beynəlxalq sərgilərin Azərbaycanın turizm bazarı, xüsusi ilə ATAA üzvləri üçün əhəmiyətli olduğunu İzmir Expo sərgisinin nümayəndəsinin diqqətinə çatdırıb.
Sayca 18-ci dəfə təşkil olunacaq “Izmir Expo 2026” Beynəlxalq Turizm Sərgisi və Konqresinin iki ölkənin turizm sənayesinin nümayəndələri, peşəkarlar arasında əməkdaşlıq sahəsində bir körpü rolunu oynaya biləcəyini bildirən Oya Aksay sərginin iş birliyinin formalaşdırılması və əlaqələrin inkişafı baxımından geniş imkanlar təqdim etdiyini bildirib. O sərginin turizm məhsullarının nümayişi, B2B formatlı görüşlərin təşkili və şəbəkələşmə baxımından əhəmiyyətli olduğunu qeyd edib. Sonda Oya Aksay ATAA üzvlərini “Izmir Expo 2026” sərgisində iştirak etməyə dəvət edib.
Həmçinin aprelin 4-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Gürcüstanın 20-ə yaxın hotel nümayəndəsi ilə işgüzar görüş keçirib. Göydəniz Qəhrəmanov hotel nümayəndələrinə ATAA-nın Azərbaycanın turizm sənayesinin inkişafındakı rolu haqqında məlumat verib.
Görüşdə Gürcüstanla turizm sahəsində uzun müddətli qarşılıqlı maraq doğuran əlaqələrin olduğunu qeyd edən Assosiasiya sədri Gürcüstanın hotel sənayesi ilə birgə əməkdaşlığın genişləndirilməsinin ATAA üçün vacibliyini vurğulayıb. Eyni zamanda O, kombo turların formalaşdırılması sahəsində hər iki ölkənin böyük potensiala sahib olduğunu diqqətə çatdırıb. Assosiasiya sədri hotel nümayəndələrini ATAA üzvləri ilə sıx kommunikasiya əlaqələri qurmağa çağırıb.