Turizm sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı və iş birliyinin genişləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Trabzon şəhərinin Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Erkut Çelebi, Səhiyyə və Səyahət Xidmətləri Departamentinin rəhbəri Tarık Aksoy və Trabzon Bölgəsi Turist Bələdçiləri Palatasının sədri Ragip Pirselimoğlu ilə keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüş çərçivəsində ATAA sədri nümayəndələrə Assosiasiyanın fəaliyyəti, ölkə turizminin bərpasında və inkişafındakı rolu, quruma üzv olan şirkətlərlə əməkdaşlıq imkanları haqqında ətraflı məlumat verib.
Görüşdə Trabzon-Bakı-Trabzon istiqaməti üzrə aviareyslərinin sayının çoxaldılması, turizm marşurutlarının və məhsullarının qarşılıqlı təşviqi və ikitərəfli turistik səfərlərin sayının artırırılması müzakirə olunub.
Həmçinin təşkilatın üzvləri arasında B2B formatlı görüşlərin təşkili, kommunikasiya əlaqələrinin genişləndirilməsi, eləcə də turist mübadiləsinin artırılması məqsədilə tanıtım və təbliğat tədbirlərinin keçirilməsi, qarşılıqlı infoturların təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.