Qarşılıqlı turist səfərlərinin sayının artırılması və iş birliyinin genişləndirilməsi məsələləri noyabrın 22-də İstanbulda işgüzar səfərdə olan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla "Pegasus" Hava Yolları şirkətinin İdarə Heyətlərinin sədri Mehmet Tevfik Nane arasında keçirilən görüşdə müzakirə olunub.
Görüş zamanı Göydəniz Qəhrəmanov Assosiasiya haqqında, eləcə də quruma üzv olan şirkətlərin ölkənin turizm sahəsindəki rolu və fəliyyət istiqamətlərina dair məlumat verib.
Assosiasiya sədri dünyanın müxtəlif ölkələrinə birbaşa uçuşlar təşkil edən “Pegasus” aviaşirkətinin seçdiyi istiqamətlər üzrə Azərbaycana da yer verməsini yüksək qiymətləndirib. Aşağı büdcəli xidmətlər təklif edən aviaşirkətlərin turist daşımalarında xüsusi çəkisinin olduğunu qeyd edən Göydəniz Qəhrəmanov şirkətlərin turpaketlər hazırlayarkən onlar üçün daha çox gəlir əldə etmək və müştəri bazasını artırımaq imkanı yarandığını bildirib. Qurum rəhbəri xüsusi ilə Azərbaycanda quru sərhədlərin bağlı olduğu ərəfədə turist cəlbediciliyi baxımından aviaşirkətlərlə əməkdaşlığın daha da artırırılmasına ehtiyac olduğunu qeyd edib.
"Pegasus" Hava Yollarının uçuş istiqamətləri, növbəti ilə dair planları və strategiyaları barədə Assosiasiya rəhbərinə ətraflı məlumat verən Mehmet Tevfik Nane azərbaycanlı turistlərin Türkiyə turizmi xüsusi ilə "Pegasus" Hava Yolları üçün böyük önəm daşıdığını bildirib. O bu istiqamətdə Assosiasiya ilə sıx əməkdaşlıq etməyə və layihələr üzərində birgə işləməyə hazır olduğunu vurğulayıb.
Müzakirələr zamanı təşkilatlar arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, üzv şirkətlərlə kommunikasiya əlaqələrinin formalaşdırılması, qiymət siyasətinin tənzimlənməsi, uçuşların sayının və istiqamətlərinin artırırılması, qarşılıqlı maraq doğuran layihələrin hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.