Qarşılıqlı turist səfərlərinin sayının artırılması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Malayziya səfirliyinin müvəqqəti işlər müdiri Mardiana Muhammed Ruhani və Air Arabia şirkətinin Bakı nümayəndəsi Zöhrab Əliyev arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüşdə Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sənayesinin inkişafında rolu, üzvlərinin sayı haqqında ətraflı məlumat verən Göydəniz Qəhrəmanov zəngin təbiəti və rəngarəng memarlıq nümunələri ilə dünya turizmində xüsusi çəkisi olan Malayziya istiqamətinin son illər Azərbaycanda da məhşurlaşdığını qeyd edib.
Məsafənin uzaqlığını nəzərə alaraq həm iki ölkənin turizm şirkətləri, həm də turistləri üçün səmərəli layihələrin hazırlanamsının vacibliyinə toxunan ATAA sədri Malayziya ilə yanaşı gələckdə yaxın istiqamətlər üzrə də kombo turların yaradılmasının, eləcə də komplektləşdirilmiş turpaketlərin hazırlanmasının hər iki ölkə üçün əhəmiyyətli ola biləcəyini bildirib.
ATAA-nın hər zaman yeni istiqamətlərin açılmasına maraq göstərdiyini deyən Göydəniz Qəhrəmanov rəhbərlik etdiyi qurumun Malayziyanın turizm təşkilatları ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.
Azərbaycanın geniş turizm potensialının və zəngin qonaqpərvərlik mədəniyyətinin olduğunu deyən Malayziya səfirliyinin müvəqqəti işlər müdiri Mardiana Muhammed Ruhani ölkəsinin qarşılıqlı turizm əlqələrinin genişləndirilməsinə böyük önəm verdiyini bildirib. O, Malayziyanın Azərbaycanla turizm sahəsində öz təcrübələrini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Müzakirələr çərçivəsində birgə iş birliyinin yaradılması, turizm istiqamətlərinin və məhsullarının qarşılıqlı təşviqi, tanıtım məqsədli infoturların təşkili, həmçinin Air arabia və digər aviaşirkətlər üzərindən uşuşların sayınına artırırılması, üzv şirkətlərlə B2B formatlı görüşlərin keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.