ATAA Kazunion Touroperator by Rustar şirkəti ilə əməkdaşlığa dair memorandum imzalayıb
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Kazunion Touroperator by Rustar şirkəti arasında turizm əlaqələrinin inkişafında qarşılıqlı maraqların qorunması və əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov və Kazunion Touroperator by Rustar şirkətinin direktoru Seyidxanım Eminli imzalayıb.
Memorandumun məqsədi qarşılıqlı turizm fəaliyyəti üzrə təcrübə mübadiləsinin aparılması və inkişafı, bu sahədə birgə fəaliyyətin təşkili, eləcə də ödənişsiz təlimlərin və informasiya mübadiləsinin həyata keçirilməsidir.
Sənədə əsasən tərəflər turizm fəaliyyəti sahəsində bərabər hüquqlu və qarşılıqlı maraq doğuran əməkdaşlığın inkişafına dəstək göstərəcək,turizm fəaliyyətinin inkişafına yönəlik layihələrin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində əməkdaşlıq edəcək.
Həmçinin ay ərzində bir dəfə olmaqla ATAA üzvlərinin sərnişinləri üçün Türkiyə, BƏƏ, Maldiv adaları, Qətər, Gürcüstan və Qazaxıstan istiqamətlərinə uçan vətəndaşların hava limanına gediş və dönüşü üçün transfer xidməti təşkil ediləcək, Qətərə oktyabrda başlayan yeni mövsüm üçün 50% endirim ilə bizness sinfindən bilet təqdim ediləcək, o cümlədən şirkət rəhbərlərinə ayda bir dəfə olmaqla ekonomdan biznes sinfinə ödənişsiz dəyişmə imkanı veriləcək, ATAA üzvləri ilə müqavilənin bağlanması sadələşdirilmiş formada həyata keçiriləcək.
Qeyd edık ki, memorandum imzalandığı gündən qüvvəyə minmiş hesab olunur.