Turizm məhsullarının və turizm istiqamətlərinin qarşılıqlı təşviqi, birgə iş birliyinin yaradılması məsələləri Azərbaycan Turzim Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Rusiya Federasiyasının Sverdlovsk vilayətinin turizm və qonaqpərvərlik sənayesinin inkişafı departamentinin direktoru Elmira Tukanovna ilə baş tutan görüşdə müzakirə olunub.
Görüşdə çıxış edən Göydəniz Qəhrəmanov Azərbaycan turizminin tanıtımı və inkişafı üçün Rusiya bazarının önəmli olduğunu və bu istiqamətdə Assosiasiyanın Rusiya Federasiyasının regionları və vilayətləri ilə əməkdaşlığa maraq göstərdiyini diqqətə çatdırıb. ATAA sədri quruma üzv şirkətlərin il ərzində Rusiyada keçirilən sərgilərdə davamlı olaraq iştirak etdiyini və bu cür turizm tədbirlərinin əməkdaşlığın inkişafına müsbət təsir etdiyini qeyd edib.
Sverdlovsk vilayətinin, xüsusi ilə Yekaterinburg şəhərinin turizm potensialı,il ərzində keçirilən turizm tədbirləri haqqında məlumat verən Elmira Tukanovna rəhbərlik etdiyi qurumun Azərbaycanla turizm sahəsində əlaqələri genişləndirmək niyyətində olduğunu bildirib.Sverdlovsk vilayətində böyük Azərbaycan diasporonun mövcudluğunu qeyd edən Elmira Tukanovna bu faktorun əlaqələrin inkişafına və qarşılıqlı turist cəlbediciliyinə müsbət təsir edə biləcəyini deyib.Bu il 300 illiyini qeyd edən Yekaterinburq şəhərində bir sıra mötəbər tədbirlərin keçiriləcəyini vurğulayan departament direktoru Göydəniz Qəhərəmanovu və Assosiasiya üzvlərini tədbirlərə dəvət edib.
Görüş cərçivəsində tanıtım məqsədli birgə infoturların təşkili ,kommunikasiya əlaqələrinin genişləndirilməsi, aviauçuşların sayının artırılması, eləcə də təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Sverdlovsk Rusiya Federasiyasının əhali və ərazi baxımından ən böyük vilayətlərindən biridir.Hazırda həftədə 4 dəfə olmaqla Bakı-Yekaterinburq-Bakı reysləri həyata keçirilir.