Mərakeşin turizm şirkətləri ilə əməkdaşlıq imkanlarının inkişafı və qarşılıqlı turizm səfərlərinin təşkili məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Azərbaycanda səfərdə olan Mərakeş Respublikasının 13 aparıcı turizm şirkətinin rəhbərləri arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Mərakeş ilə Azərbaycan arasında viza rejiminin aradan qaldırılmasının turizm əlaqələrinin inkişafı üçün yeni imkanlar yaratdığını deyən Göydəniz Qəhrəmanov getmə turizmdə bu istiqamətə ATAA üzvləri tərəfindən cəlbedici destinasiya olaraq böyük maraq göstərildiyini qeyd edib. O, tərəfdaşlıq əlaqələrinin formalaşdırılmasının və səmərəli iş birliyinin genişləndirilməsinin gələcəkdə qarşılıqlı turist axınına müsbət təsir edəcəyini bildirib.
Görüş zamanı şirkət nümayəndələri Azərbaycanın zəngin turizm potensialının və ceşidli turizm məhsullarının Mərakeşdə təbliğinin, eləcə də Mərakeşin turizm imkanlarının Azərbaycanda tanıdılmasının turist cəlbediciliyi baxımından faydalı olacağını qeyd ediblər. Bununla yanaşı Azərbaycana təşkil olunan infotur çərçivəsində səfərlərinin nəticəsi olaraq öz istək və təkliflərini hazırlayaraq ATAA-ya təqdim edəcəklərini diqqətə çatdırıblar.
Müzakirələr zamanı həmçinin Azərbaycan-Türkiyə-Mərakeş üzrə kombo turların formalaşdırılması, tanışlıq məqsədli qarşılıqlı infoturların təşkili, üzv şirkətlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi,i ş birliyinin yaradılması, eləcə də ikitərəfli əlaqələrin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.