×
ATAA Sankt-Peterburq şəhərinin turizm təşkilatları ilə turizm əlaqələrini müzakirə edib.

ATAA ilə Sankt-Peterburq şəhərinin turizm təşkilatları arasında mövcud və gələcək əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Sankt-Peterburq şəhərinin Turizmin inkişafı üzrə komitəsinin sədri Sergey Korneyev arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

Görüşdə Göydəniz Qəhrəmanov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının fəaliyyəti, ölkənin turizm sektorunun inkişafında rolu, üzvlərinin sayı və göstərdikləri xidmət sahələri haqqında komitə sədrinə ətraflı məlumat verib.

Çıxışı zamanı Rusiya Federasiyasının Azərbaycanın turizm bazarı üçün əhəmiyyətli destinasiyalardan biri olduğunu xüsusi vurğulayan Göydəniz Qəhrəmanov əməkdaşlıq istiqamətində Assosiasiyanın və üzvlərinin  Rusiyanın ayrı-ayrı şəhərləri ilə  turizm sahəsində birgə əməkdaşlıq formalaşdırmağa və turist cəlbediciliyinin potensialını artırmağa  hazır olduğunu bildirib. ATAA sədri istər qış mövsümü ,istərsə də yay aylarında həm paytaxt Bakıda,həm də bölgələrdə turistlərə təqdim etmək üçün  müxtəlif turizm məhsullarının və istiqamətlərinin mövcud olduğunu  qeyd edib.

Öz növbəsində Sankt-Peterburq şəhərinin Turizmin inkişafı üzrə komitəsinin sədri Sergey Korneyev getmə turizm seqmentində Rusiyalı turistlər arasında  Azərbaycanın xüsusi yeri olduğunu diqqətə çatdırıb.Komitə sədri Azərbaycanla Rusiyanın bir sıra şəhərləri arasında  birbaşa uçuşların olmasının gələcəkdə  qarşılıqlı turist səfərlərinin dinamikasına müsbət təsir göstərəcəyini vurğulayıb.

25 ATAA üzvünün və Sankt-Peterburq şəhərinin turizm təşkilatlarının qatıldığı tədbir çərçivəsində Sankt-Peterburqun turizm imkanlarına aid təqdimat nümayiş olunub, B2B formatlı görüşlər keçirilib, tanıtım məqsədli infoturların təşkili müzakirə olunub.