XƏBƏRLƏR

ATAA ilə Türkiyənin Səyahət Agentlikləri Birliyi arasında əməkdaşlıq genişləndirilir

05.04.2021
ATAA ilə Türkiyənin Səyahət Agentlikləri Birliyi arasında əməkdaşlıq genişləndirilir
 
Aprelin 5-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) sədri Rüfət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə TÜRSAB (Türkiyənin Səyahət Agentlikləri Birliyi) arasında işgüzar görüş keçirilib.
Görüşdə turizm sahəsi üzrə iki qurumun gələcək fəaliyyət planları, Türkiyə-Azərbaycan turizm əlaqələrinin genişləndirilməsi və ortaq turizm platformasının yaradılması kimi məsələlər müzakirə olunub, eləcə də postpandemiya dövründə turizmin inkişafı baxımından artıq iki ölkə arasında şəxsiyyət vəsiqəsi və vizasız səyahətlərin mümkünlüyü nəzərə alınaraq qarşılıqlı turist sayının artırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev pandemiyanın nə zaman bitəcəyinin hələ bəlli olmadığını və mövcud vəziyyəti nəzərə alaraq turizmdə aktivliyin və fəaliyyətin qorunub saxlanmasının vacibliyini qeyd edib.
Tədbir çərçivəsində Rüfət Hacıyev sağlamlıq turizminin ümumi turizm sahəsində çox böyük rola sahib olduğuna da diqqətə yetirərək iki ölkə arasında bu sahənin inkişaf etdirməyi hədəflədiklərini və bu istiqamətdə turizmin inkişafının daha sıx olacağına ümidvar olduğunu deyib.
 
Görüşdə çıxış edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təsisçisi Ruslan Quliyev Azərbaycanın sağlamlıq turizmi baxımından mövcud imkanlarının turkiyəli turistlər üçün tanıdılması və bu sahədə ölkənin cəlb ediciliyinin artırılması istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğunu bildirib. Ruslan Quliyev bu sahəd fəaliyyət planınının yardılmsaının vacibliyini diqqətə çatdırıb.
 
İki ölkə arsında əməkdaşlığı daha da inkişaf etdirəcək ən vacib sahələrdən birinin turizm sektoru olduğunu deyən TÜRSAB-ın rəhbəri Firuz Barbaros aprelin birindən başladılan Azərbaycan ilə Türkiyə arasında şəxsiyyət vəsiqələri ilə səyahət fürsətinin qarşılıqlı turizm hərəkətliliyinə ciddi şəkildə təsir edəcəyini qeyd edib.
Görüş çərçivəsində iki qurum arasında səhiyyə turizminin inkişafına dair əməkdaşlıq sənədi də imzalanıb.