Azərbaycan Turizm Agentlikləri Assosiasiyası 2019-cu ilin avqust ayından etibarən quruma üzvlüklə bağlı sənəd qəbulunu həyata keçirir. Hazırda Assosiasiyaya Azərbaycanın turizm bazarında tanınan və öz peşəkarlığı ilə seçilən 240 şirkət daxildir.
Assosiasiya, üzv olan agentliklərə vahid mərkəz olaraq hüquqi yardımların göstərilməsini təmin edir, o cümlədən onların turizm sahəsində inkişaf etmələrinə, öz potensiallarını artırmalarına, xarici tərəfdaşlarla fəaliyyətlərinin genişləndrilməsinə dəstək göstərir. Bununla yanaşı, maarifləndirmə işlərinin aparılmasını, təlimlərin keçirilməsini həyata keçirir, üzv olan agentliklərin beynəlxalq turizm bazarlarına çıxış imkanlarına köməklik göstərir.
Qeyd edək ki, Assosiasiyaya hüquqi və fiziki şəxslərin namizədliyi qəbul edilir.
Namizədlərin Assosiasiyaya üzv seçilməsi İdarə Heyətinin iclaslarında müzakirə edilir və son qərar İdarə Heyəti tərəfindən verilir. Assosiasiyaya üzv olmaq üçün turizm şirkətləri üzvlük haqqında müraciət ərizəsini, üzvlüyə namizədlik formasını müvafiq olaraq doldurmalı və üzvlük üçün tələb olunan digər sənədlərlə birgə Assosiasiyanın B. Səfəroğlu küç 123 ünvanında yerləşən ofisinə təqdim etməlidir.