Azərbaycan və İordaniya Haşimilər Krallığının turizm təşkilatları və subyektləri arasında turizm əlaqələrinin inkişafı və əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə İordaniyanın bir sıra şəhərlərinə infotur təşkil edilib.
İnfoturun məqsədi Azərbaycanın turizm agentliklərini İordaniyanın turizm imkanları və məhsulları ilə yaxından tanış etmək, qarşılıqlı kommunikasiya və tərəfdaşlıq əlaqələrini genişləndirməkdır.
Azərbaycan Turizm Agentliklərin Assosiasiyası və İordaniya Haşimilər Krallığının (Embassy of the Hashemite Kingdom of Jordan in Baku , Azerbaijan) Azərbaycandakı səfirliyinin təşkilatçılığı, eləcə də İordaniya Turizm Bürosunun dəstəyi ilə baş tutan infotur zamanı Petra şəhərinə səfər təşkil olunub, buranın turizm potensialı, memarlıq abidələri, turizm marşrutları haqqında məlumat verilib.
İnfotur çərçivəsində Krallığın Aqaba şəhəri ziyarət edilib, şəhərin turizm imkanları, Qırmızı dəniz sahillərinin potensialı, yerli hotellərlə əməkdaşlıq əlaqələri, o cümlədən birbaşa aviauçuşların təşkili məsələləri müzakirə edilib.
Həmçinin infotur zamanı Aqaba şəhərindən 60 km-lik məsafədə yerləşən "Vadi Ram" səhra qoruğuna da səfər edilib, turistlərə təklif olunan məhsullar haqqında məlumat verilib.
5 gün davam edən infotur çərçivəsində İordaniya Turizm Bürosunun nümayəndələri ilə görüşün keçirilməsi və yerli şirkətlərlə vorkşopların təşkili nəzərdə tutulur.