• USD 1.7
  • 30 °C
|

ATAA Çinin Cənub Hava Yolları ilə əməkdaşlıq əlaqələrini genişləndirir

17 İyul 2026
img

İki ölkə arasında qarşılıqlı turist axınının artırılması imkanları və bu sahədə Çinin hava yolları ilə əlaqələrin inkişafı perspektivləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Çinin Cənub Hava Yolları şirkətinin (China Southern Airlines) Baş meneceri Zhang Yangın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub.

ATAA-nın Avia Logistika Komitəsinin üzvlərinin iştirakı ilə baş tutan görüşdə tərəflər turist mübadiləsinin genişləndirilməsi, aviasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri və iki ölkənin turizm bazarları arasında əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb.

Görüşdə Zhang Yang Çinin Cənub Hava Yolları şirkətinin fəaliyyət istiqamətləri, yeni layihələri, gələcək inkişaf strategiyası, genişlənən təyyarə parkı, beynəlxalq marşrut şəbəkəsi və yaxın perspektivdə nəzərdə tutulan yeni istiqamətlər barədə ətraflı məlumat verib. O, aviaşirkətin Asiyanın ən böyük daşıyıcılarından biri kimi Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafına və turizm bazarlarında tərəfdaşlıq imkanlarının artırılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

İclasda çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Çinin dünyanın ən perspektivli turizm bazarlarından biri olduğunu və Assosiasiyanın bu istigamətdə əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb.

ATAA sədri iki tərəfli əməkdaşlığın inkişaf etdirilməsinin hər iki istiqamətdə səyahət edən turistlərin sayının artmasına, yeni əlaqələrin formalaşmasına və uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb.

Müzakirələr zamanı iki ölkənin turizm potensialının qarşılıqlı şəkildə tanıdılması məqsədilə ATAA və Çinin Cənubi Hava Yolları ilə birgə marketinq və məlumatlandırma kampaniyalarının həyata keçirilməsi, Azərbaycan və Çin üzrə turizm məhsullarının və istiqamətlərinin təşviqi, ATAA üzvləri ilə birbaşa əməkdaşlığın qurulması və B2B görüşlərin keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Bununla yanaşı, ATAA üzvləri ilə Çinin Cənub Hava Yolları arasında həm onlayn, həm də ənənəvi formatda işgüzar görüşlərin təşkili, infoturların həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və yeni turpaketlərin hazırlanması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.