• USD 1.7
  • 20 °C
|

ATAA sədri "Turizm Könüllüləri" Təşkilatının gənc nümayəndələri ilə görüşüb

21 May 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov “Turizm Könüllüləri” Təşkilatının gənc nümayəndələri ilə görüşüb.

Görüş çərçivəsində ATAA sədri könüllülərə Assosiasiya, tabeliyində xidmət göstərən komitə və komissiyaların iş prinsipi, eləcə də üzvləri və həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Bununla yanaşı ATAA-nın Azərbaycanın turizm imkanlarının xarici dövlətlərdə təbliği, ölkənin turizm sektorunun inkişafında həyata keçirdiyi təşəbbüslər və turist cəlbediciliyinin artırılması istiqamətində oynadığı əhəmiyyətli rolunu diqqətə çatdırıb.

Görüş zamanı turizm sektorunda peşəkar kadr hazırlığının vacibliyinə toxunan Göydəniz Qəhrəmanov gənclərin bu sahədə fəal iştirakının onların gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, könüllülük fəaliyyətinin gənclərin həm peşəkar bacarıqlarının formalaşmasına, həm də şəxsi inkişafına mühüm töhfə verdiyini bildirib.

Dövlət tərəfindən könüllülük hərəkatına göstərilən diqqət və qayğını yüksək dəyərləndirən ATAA sədri Azərbaycanda könüllülük fəaliyyətinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd vurğulayıb. O, bu gün ölkəmizdə gənclərin inkişafı, onların beynəlxalq təcrübə qazanması və ictimai proseslərdə fəal iştirak etməsi üçün geniş imkanlar yaradıldığını, xüsusilə turizm sahəsində fəaliyyət göstərən könüllülərin beynəlxalq tədbirlərin təşkili, qonaqların qarşılanması və ölkəmizin turizm imicinin formalaşdırılması baxımından çox mühüm missiya həyata keçirdiyini bildirib.

ATAA sədri Assosiasiyanın gənclərin və könüllülərin inkişafına hər zaman xüsusi önəm verdiyini və bu istiqamətdə müxtəlif təşəbbüslərə dəstək olduqlarını, o cümlədən onların sektor nümayəndələri ilə əlaqələrinin qurulmasına, təcrübə qazanmasına və peşəkar mühitə inteqrasiyasına xüsusi diqqət ayırdığını deyib.

Sonda Göydəniz Qəhrəmanov “Turizm Könüllüləri” Təşkilatının gənc nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər arzulayıb.