• USD 1.7
  • 25 °C
|
img

Azərbaycan və Latviyanın turizm assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə olunub

Latviyanın turizm assosiasiyaları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, iki ölkənin turizm potensialının qarşılıqlı təşviqi və turizm nümayyəndələri arasında əlaqələrin qurulması imkanları Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya arasında keçirilən görüşdə müzakirə olunub.

Görüşdə çıxış edən Göydəniz Qəhrəmanov Assosiasiyanın, eləcə də onun nəzdində fəaliyyət göstərən komitə və komissiyaların, o cümlədən ATAA üzvlərinin maraqlarının qorunması, üzvlər arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və beynəlxalq tərəfdaşlarla işgüzar əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. ATAA sədri, həmçinin Latviyanın turizm sənayesi nümayəndələri ilə Assosiasiya üzvləri arasında əməkdaşlıq imkanlarının yaradılmasının, iki ölkənin turizm məhsullarının qarşılıqlı tanıdılmasının və turist mübadiləsinin artırılmasının əhəmiyyətini vurğulayıb.

Görüş zamanı Azərbaycan və Latviya turizm assosiasiyaları arasında əməkdaşlığın inkişaf etdirilməsi, üzvlər arasında birbaşa əlaqələrin qurulması və birgə fəaliyyət imkanlarının araşdırılması məsələlərinə diqqət yetirilib.

Bununla yanaşı, vizaların alınması, birbaşa aviareyslərin təşkili və qarşılıqlı maraq doğuran turizm məhsullarının təşviqi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər assosiasiya nümayəndələri arasında əlaqələrin gücləndirilməsinin, təcrübə mübadiləsinin və yeni tərəfdaşlıqların qurulmasının vacibliyini bildiriblər.