• USD 1.7
  • 18 °C
|

ATAA ilə Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) arasında əməkdaşlıq imkanları müzakirə olunub

30 Oktyabr 2026
img

Asiya-Sakit Okean regionununun turizm sənayesi ilə ATAA arasında əməkdaşlığın genişləndirilməsi, beynəlxalq tərəfdaşlıq imkanları və qarşılıqlı təcrübə mübadiləsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) sədri Henri Oh və İcraçı direktor Noor Ahmad Hamid arasında keçirilən görüşdə müzakirə olunub.

Görüşdə Göydəniz Qəhrəmanov ATAA-nın fəaliyyəti, Assosiasiyanın təşkilati strukturu, nəzdində fəaliyyət göstərən komitə və komissiyaların əsas iş istiqamətləri, eləcə də ATAA üzvlərinin turizm sənayesinin müxtəlif iştirakçıları ilə işgüzar əlaqələrinin qurulması istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib.

ATAA sədri öz çıxışında Azərbaycanın turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasının, Assosiasiya üzvlərinin xarici bazarlarda fəaliyyət imkanlarının genişləndirilməsinin və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, PATA kimi geniş regional şəbəkəyə malik təşkilatla əlaqələrin qurulmasının ATAA-nın Asiya-Sakit Okean bazarlarında daha yaxından təmsil olunmasına, yeni tərəfdaşlıq imkanlarının yaradılmasına və üzv şirkətlər üçün əlavə işgüzar imkanların yaranmasına töhfə verəcəyini qeyd edib.

PATA sədri Henri Oh isə öz növbəsində ATAA-nın beynəlxalq turizm əlaqələrinin inkişafında, müxtəlif ölkələrin turizm sənayesi nümayəndələrinin bir araya gətirilməsində və regional əməkdaşlıq platformalarının yaradılmasında rolunu yüksək qiymətləndirib. O, Azərbaycan turizm sektorunun nümayəndələri ilə əlaqələrin inkişaf etdirilməsinin yeni imkanlar və qarşılıqlı təcrübə baxımından faydalı olacağını bildirib.

Görüş zamanı ATAA və PATA arasında əlaqələrin qurulması, üzv şirkətlərin iştirakı ilə B2B görüşlərin təşkili, qarşılıqlı tanışlıq infoturlarının keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Asiya-Sakit Okean regionunun müxtəlif ölkələrində fəaliyyət göstərən turizm şirkətləri ilə Assosiasiya nümayəndələri arasında birbaşa əlaqələrin yaradılması məsələləri nəzərdən keçirilib.