• USD 1.7
  • 30 °C
|

ATAA-nın nəzdində fəaliyyətə başlayan Daxili Turizm Komitəsinin ilk iclası keçirilib

16 İyul 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) nəzdində yeni fəaliyyətə başlayan Daxili Turizm Komitəsinin ilk iclası keçirilib

ATAA-nın İdarə Heyəti sədri Göydəniz Qəhrəmanovun iştirakı ilə təşkil olunan görüşdə komitənin fəaliyyət istiqamətləri və qarşıdakı dövr üçün prioritet vəzifələr, bölgələrin turizm potensialının tanıdılması, turizm marşrutlarının təkmilləşdirilməsi və yeni marşrutların formalaşdırılması, o cümlədən daxili turizm bazarının inkişafına xidmət edən təşəbbüslər müzakirə olunub.

Bununla yanaşı, regionlarda fəaliyyət göstərən turizm şirkətləri, mehmanxanalar, istirahət mərkəzləri və digər xidmət sektoru ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, mövsümi və tematik turizm məhsullarının hazırlanması, daxili turizm üzrə infoturların və B2B görüşlərinin təşkili ətrafında fikir mübadiləsi aparılıb.

Bundan başqa komitə daxili turizmlə bağlı mövcud problemlərin öyrənilməsi, üzv şirkətlərin təkliflərinin İdarə Heyətinə çatdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaşların ölkədaxili səyahətlərə marağının daha da artırılması məqsədilə müxtəlif təkliflərlə çıxış edəcək.

İclasda daxili turizmin ölkənin turizm sənayesinin dayanıqlı inkişafının əsas istiqamətlərindən biri olduğunu qeyd edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Azərbaycanın hər bir bölgəsinin özünəməxsus turizm potensialına malik olduğunu vurğulayıb və qeyd edib ki, bu istigamətin genişlənməsi Assosiasiya üzvülərinin təgdim etdikləri xidmətlərin sayını artıra bilər.

ATAA sədri yeni yaradılan Daxili Turizm Komitəsinin bu istiqamətdə mühüm təşəbbüslər irəli sürəcəyini, bölgələrdə fəaliyyət göstərən turizm mərkəzləri ilə Assosiasiya arasında əlaqələrin daha da möhkəmləndirəcəyini və daxili turizmin inkişafına əhəmiyyətli töhfə verəcəyini bildirib.

İclasda komitə üzvlərinin yekdil qərarı ilə Elçin Əsgərov Daxili Turizm Komitəsinin rəhbəri seçilib.

Sonda Göydəniz Qəhrəmanov komitənin üzvlərinə fəaliyyətlərində uğurlar arzulayaraq, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi istiqamətində Assosiasiyanın komitəyə hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib.