
Azərbaycan Turizm Bürosunun İsrailin aparıcı turizm sənayesi nümayəndələri üçün Azərbaycana təşkil etdiyi növbəti tanışlıq səfəri çərçivəsində ATAA nümayəndələri ilə Biznes2Biznes (B2B) görüş təşkil olunub.
Tədbirin əsas məqsədi Azərbaycan və İsrail arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, iki ölkənin turizm şirkətləri arasında birbaşa işgüzar əlaqələrin qurulması və qarşılıqlı turist axınının artırılmasına xidmət edəcək yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi olub.
Görüş zamanı İsrail bazarında Azərbaycanın turizm potensialının daha geniş təşviqi, ölkəmizin müxtəlif turizm məhsullarının təqdimatı, mövcud və perspektivli turizm marşrutlarının tanıdılması, eləcə də hər iki ölkənin turizm şirkətləri arasında uzunmüddətli tərəfdaşlıq münasibətlərinin formalaşdırılması istiqamətində müzakirələr aparılıb.
Tərəflər qarşılıqlı maraq doğuran turpaketlərin hazırlanması, fərdi və qrup turlarının təşkili, mədəni, kulinariya, sağlamlıq və işgüzar turizm (MICE) istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçinin turizm məhsullarının birgə təşviqi ilə bağlı fikir və təkliflərini bölüşüblər.
Görüşdə həmçinin qarşılıqlı tanışlıq səfərlərinin (fam trip) təşkili, turizm sənayesi nümayəndələrinin iştirak edəcəyi təqdimat və işgüzar tədbirlərin keçirilməsi, eləcə də gələcəkdə marketinq və tanıtım kampaniyalarının birgə həyata keçirilməsi imkanları da nəzərdən keçirilib.