
Meksikadan olan bir sıra turoperator Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının fəaliyyəti ilə tanış olublar.
Premier Tour, Baku Holiday Travel, Travel Mania və Türk Hava Yollarının təşəbbüsü ilə Azərbaycana təşkil olunan səfər çərçivəsində baş tutan görüşdə ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov turoperatorlara Assosiasiyanın fəaliyyəti, ölkə turizminin inkişafında və tanıdılmasında rolu, üzv şirkətlər, o cümlədən komitə və komissiyalar haqqında ətraflı məlumat verib. ATAA sədri Azərbaycanın turizm sənayesi üçün yeni istiqamət olaraq Meksika kimi böyük turizm imkanları olan ölkə ilə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Meksika nümayəndə heyətinin üzvləri öz növbəsində Azərbaycanın turizm potensialını və son illərdə bu sahədə qazanılan uğurları yüksək qiymətləndirib, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin iş birliyinin formalaşdırılmasına töhfə verəcəyini qeyd ediblər.
Görüş çərçivəsində iki ölkə arasında turizm marşrutlarının və məhsullarının qarşılıqlı təşviqi, turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin təşkili, o cümlədən aviauçuşların sayının artırılması və turizm axınının genişləndirilməsi müzakirə olunub.