• USD 1.7
  • 31 °C
|

ATAA və “Air Astana” arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

18 Avqust 2026
img

ATAA üzvləri ilə Qazaxıstan istiqaməti üzrə uçuşlar həyata keçirən “Air Astana” şirkəti arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və səmərəli iş birliyinin inkişaf etdirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Qazaxıstanın “Air Astana” Hava Yollarının regional meneceri Timur Salimov arasında keçirilən görüşdə müzakirə olunub.

Görüş zamanı Timur Salimov “Air Astana”nın marşrut şəbəkəsindəki yeniliklər və tərəfdaşlar üçün nəzərdə tutulan imkanlar, yeni istiqamətlər, həmçinin korparativ təkliflər və artan əməkdaşlıq potensialı haqqında geniş məlumat verib.

Öz növbəsində ATAA sədri Göydəniz Qəhrəmanov Assosiasiya tərəfindən son dövrlərdə beynəlxalq aviadaşıyıcılarla keçirilən əhəmiyyətli görüşlər, qarşılıqlı əməkdaşlıq istiqamətində atılan addımlar və irəli sürülən təşəbbüslər barədə məlumat təqdim edib.

Müzakirələr zamanı ATAA üzvlərinin Qazaxıstanın turizm imkanları ilə daha yaxından tanış olması məqsədilə infoturların təşkili məsələsi də nəzərdən keçirilib. Bu çərçivədə “Air Astana”nın ATAA üzvləri üçün Qazaxıstana təşkil olunacaq tanışlıq səfərlərinin keçirilməsinə dəstək göstərməsi ilə bağlı razılıq əldə olunub.

Bununla yanaşı, xarici turizm şirkətlərinin Azərbaycanın turizm məhsulları ilə yaxından tanış olması, yeni tərəfdaşlıqların qurulması və ölkəmizə turist axınının artırılması məqsədilə Air Astana-nın uçuş həyata keçirdiyi istiqamətlərdən Azərbaycana təşkil olunacaq infoturların keçirilməsinə aviaşirkətin dəstək verməyə hazır olduğu qeyd edilib.

İşgüzar görüş çərçivəsində ATAA üzvləri ilə Air Astana arasında birbaşa əlaqələrin gücləndirilməsi, turizm şirkətlərinin aviaşirkətin təqdim etdiyi imkanlar barədə daha ətraflı məlumatlandırılması və gələcəkdə birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi ətrafında fikir mübadiləsi aprılıb.