• USD 1.7
  • 19 °C
|

ATAA Albaniyanın turizm sənayesi ilə əməkdaşlıq imkanlarını müzakirə edib

19 Oktyabr 2026
img

Albaniyanın turizm imkanları və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Albaniya Milli Turizm Agentliyinin Baş direktoru Jola Hysaj və Albaniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Besart Kadia arasında keçirilən görüşdə müzakirə olunub.

Görüşdə çıxış edən Göydəniz Qəhrəmanov ilk olaraq Baş direktora Assosiasiyanın ölkə turizminin təbliği və təşviqində, eləcə də inkişafındakı rolu, bununla yanaşı üzvlərin, həmçinin tabeliyindəki strukturların fəaliyyəti haqqında ətraflı məlumat verib.

Turizm sahəsində mövcud və gələcək əməkdaşlıq mexanizmlərinin qarşılıqlı turist axınının artmasına töhfə verdiyini bildirən Göydəniz Qəhrəmanov iki ölkənin turizm potensialının assosiasiyalar arasında tanıdılması üçün geniş imkanlar olduğunu qeyd edib. O,əlaqələrin gücləndirilməsinin, assosiasiya üzvlərinin qarşılıqlı səfərlərinin təşkilinin, eləcə də yeni turizm məhsullarının hazırlanması istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Müzakirələr zamanı Albaniya və Azərbaycanın zəngin mədəni irsə, unikal təbiətə və fərqli turizm məhsullarına malik olduğunu qeyd edən Jola Hysaj bu cür önəmli amillərin turist mübadiləsi üçün əlverişli şərait yaratdığını bildirib. O, iki ölkə arasında turizm əlaqələrinin hazırkı vəziyyətini müsbət qiymətləndirərək bu istiqamətdə böyük inkişaf potensialının olduğunu, turizm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş çərçivəsində tərəflər turist cəlbediciliyinin artırılması, yeni turizm marşrutların açılması, birgə tanıtım kampaniyalarının və infoturların təşkili, onlayn və B2B görüşlərin keçirilməsi, həmçinin iki ölkənin assosiasiyaları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.