İŞĞAL ALTINDA OLAN ƏRAZİLƏRİMİZDƏ …”TURİZM”

 

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanovla Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində turizm barədə danışdıq

Fuad Babayev: İşğal edilmiş ərazilərdə turizm barədə nə demək olar? Bildiyimiz kimi, Ermənistan tərəfindən bu ərazilərə daxil olan adamların adları  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “qara siyahı”sına düşür və həmin şəxslərin Azərbaycan ərazisinə girişinə qadağa qoyulur.

Kənan Quluzadə: Əgər işğal olunmuş ərazilərimizə gedən tanınmış adamdırsa və bizim də o onun orada olmasından xəbərimiz varsa, adı həmin siyahıya düşür. Amma tanınmamış adamlar adi turist kimi gedirlər.

Fuad Babayev: Adları da heç yerdə qeyd olunmur… Ümumiyyətlə, bunun qarşısını almaq üçün hansı leqal üsullar mövcuddur?

Kənan Quluzadə: Əfsuslar olsun ki, xarici vətəndaşların işğal olunmuş ərazilərə getməsinin qarşısını almaq, faktiki olaraq, qeyri-mümkündür. Yəni bizim o ərazilərə birbaşa nəzarətimiz olmadığı üçün, onun qarşısını ala bilmərik. Digər məsələ var ki, ərazilərə turist axınını artırmaq istəyən bədnam qonşularımızın turizm təbliğatının qarşısını almaq olar. Rəsmi sərgilərdə, tədbirlərdə Ermənistana aid stenddə işğal olunmuş ərazilərin təbliğatı aparılırsa, təşkilatçılara müraciət edirik, bundan sonra tədbir görürlər.

Təmkin Məmmədli: Keçən il belə bir tədbirlərdən biri Londonda olub.

Kənan Quluzadə: Londonda, İsraildə və s. yerlərdə olub. Son vaxtlar ermənilər sərgilərdə o qədər də aktiv deyillər. Amma çoxlu sayda təxribata əl atıblar, qarşısını almışıq. Yəni biz, təşkilatçılarla birbaşa əlaqə yaradırıq, bu işdə bizim səfirliklər də kömək edir. Dünya Turizm Təşkilatının Azərbaycanın təşəbbüsü ilə qəbul edilmiş xüsusi bir qərarı var ki, işğal olunmuş ərazilər, münaqişə zonaları və s. bu tipli yerlərin turizm potensialının təbliğatı yol verilməzdir. Doğrudur, bu cür qərarlar daha çox tövsiyə xarakterli olur, amma hər halda belə bir sənədin varlığı və Dünya Turizm Təşkilatının da Azərbaycanın tutduğu mövqeyi anlaması, bizə işimizdə kömək edir. Təşkilatda Azərbaycanın nüfuzu böyükdür və onun rəhbərliyi də bu cür məsələlərə çox diqqətlə yanaşır və hər zaman yardımçı olur.

Bəs biz nəyin qarşısını ala bilirik? Tutaq ki, bir tədbirdə Ermənistan stendinin üstündə qondarma “respublika”nın  bayrağı var. Biz həmin bayrağı sökdürə bilirik, amma hansısa bukletin içində çap olunmuş təxribat xarakterli informasiya olarsa, o bukletləri tədbirdən yığışdırda bilmirik, çünki sərgi təşkilatçısı deyir ki, o sənədlər şəxsi mülkiyyətdir və biz onu onun əlindən ala bilmərik. Onları müsadirə etmək üçün məhkəmə qərarı olmalıdır.

Fuad Babayev: Bəs saytlarda bunun mexanizmi necədir?

Kənan Quluzadə: Tutaq ki, rəsmi saytdır və orada Dağlıq Qarabağın turizm potensialı təbliğ edilir, o zaman biz Ümumdünya Turizm Təşkilatına müraciət edirik, çünki Ermənistan da bu beynəlxalq təşkilatın üzvüdür, ona görə də bunun qarşısını ala bilirik. Lakin hansısa fərdi saytda, yaxud bloqda bunu etmək mümkün deyil.

Fuad Babayev: Ümumiyyətlə, son illər ərzində Dağlıq Qarabağın turizm potensialının təbliğatı güclənib, yoxsa Kənan müəllimin qeyd etdiyi kimi, onlar son zamanlar hətta sərgilərə də o qədər də həvəs göstərmirlər?

Göydəniz Qəhrəmanov: Bədnam qonşularımız dinc durmurlar. Onlar əsasən turizm şirkətlərinin saytlarında, yaxud partnyor saytlarda hansısa tur paketlər haqqında reklam xarakterli məlumatlar verirlər. Biz, saytlarda belə bir reklam kampaniyaları ilə üzləşəndə, dərhal həmin partnyorlara öz fikrimizi bildiririk. Əksər hallarda onlar onu öz saytlarından yığışdırırlar. Ermənistan saytlarına isə müdaxilə edə bilmirik. Çalışırıq ki, bu cür halların qarşısını alaq, gücümüz çatmayanda Dövlət Turizm Agentliyinə müraciət edirik, oradan dəstək istəyirik.

Fuad Babayev: Dağlıq Qarabağda hər hansı turizm infrastrukturu yaradılıbmı?

Kənan Quluzadə:  Mən Ermənistanda dörd dəfə olmuşam. Birinci dəfə  1999-cu ildə, sonuncu dəfə isə 2005-ci ildə. Altı il ərzində orada heç bir dəyişiklik yox idi və düşünmürəm ki, ondan sonra da nə isə ciddi bir dəyişiklik olub. Azərbaycanın və Gürcüstanın turizmə göstərdiyi diqqət, qoyduğu sərmayələr Ermənistanda yoxdur.

Təmkin Məmmədli: Amma hərdən bəzi saytlarda turizm təbliğatı olur.

Kənan Quluzadə: Mənim şəxsən gəldiyim qənaət bundan ibarətdir ki, işğal olunmuş ərazilərə insanlar turist kimi yox, daha çox qonaq kimi gəlirlər. Yəni bura Ermənistanda, yaxud xaricdə yaşayan ermənilər gəlir, sadəcə olaraq sonuncular xarici vətəndaş sayılır. Məsələn, Fransada yaşayan minə yaxın erməni bu ərazilərə gəlir, sonra da deyirlər ki, Qarabağa min nəfər Fransa vətəndaşı gəlib. Gələnlərin çoxu ermənilər və onların qonaqlarıdır. Deməzdim ki, işğal edilmiş ərazilərdə turizm inkişaf edib, xüsusi infrastruktur var və s. Əslində Ermənistan nə vəziyyətdədirsə, işğal edilmiş ərazilər də ona oxşar bir haldadır. Əlbəttə, orada müəyyən yollar çəkilib, qonaq evləri var, hotellər  tikilib və s. Biz bunu mediadan, sosial şəbəkələrdən izləyirik, amma onların elə bir imkanı yoxdur ki, çoxlu turist qəbul etsinlər. Oranın aeroportu belə yoxdur.

Fuad Babayev: Tanınmamış “respublika”ların bir həmrəyliyi var: onlar birgə futbol yarışları, müxtəlif tədbirlər keçirirlər. Bəs bu sahədə Azərbaycan oxşar problemlə üzləşmiş, təcavüzə məruz qalmış ölkələrin dəstəyini hiss edirmi?

Göydəniz Qəhrəmanov: Aydın məsələdir ki, yaramız eyni olanda, ağrımızı başa düşürlər. Və sözsüz ki, hansısa bir məsələdə səsvermə olursa, dəstəklərini görürük.

Fuad Babayev: O sərgilərdə siz çox olmusunuz. Orada tutaq ki, Ukraynanın dəstəyini hiss edibsinizmi?

Göydəniz Qəhrəmanov: Bir neçə il bundan əvvəl stendlərin birində təxribatçı halla üzləşdik. Kolleqalar hamısı bir yerdə çiyinlərində Azərbaycan bayrağı həmin stendi əhatəyə aldılar, sonra isə sərginin təşkilatçılarına müraciət etdilər və stendi ləğv etdirdilər.

Fuad Babayev: Bəs kütləvi informasiya vasitələri, ictimaiyyət buna bir təpki göstərir, yoxsa turizm sahəsində fəaliyyət göstərən insanlarımız elə özləri bu missiyanı həyata keçirməli olurlar?

Kənan Quluzadə:  KİV-lər və bloqqerlər çox gözəl bilirlər ki, onlar ora gedib təbliğat aparsa, biz onun qarşısını ala bilmərik. Onun qarşısını almaq üçün gərək Qarabağı azad edək. Amma  media və bloqqerlər hamısı da bilirlər ki, onlar gedib işğal olunmuş ərazilərimizdə reportaj hazırlayarsa, əvvəla, Azərbaycanın qapıları onların üzünə bağlanır, ikincisi isə Azərbaycan tərəfi onları və onların qurumunu ölkəmizdə heç bir tədbirə dəvət etmir. Yəni bloqerlər və başqaları, əslində özbaşına nə isə etmirlər. Məsələn, bizim xəttimizlə hər həftə dünyanın müxtəlif ölkələrindən bloqqerlər gəlir, media turlar təşkil olunur və s. Onu bir  dövlət qurumu olaraq təşkil edirik ki, Azərbaycanın turizm potensialını təbliğ etsinlər. Yəni hansısa bir kütləvi informasiya vasitəsi gedib işğal olunmuş ərazilərdə təbliğat işləri aparsa, bilirlər ki, bizim bazarı itirəcəklər. Azərbaycanın yaratdığı imkanlar, turizmə qoyduğu maliyyə və s. Ermənistana nisbətən daha çoxdur və bunu da hamı bilir, yəni ona görə də Azərbaycanı itirmək istəyənlər azdır.O ki qaldı bu məsələdə yerli medianın dəstəyinə… Əlbəttə, yerli media  turizmlə çox maraqlanır. Mən mediaya birbaşa cavabdeh adamam, həm sosial şəbəkələr, həm də media turizmdən çox danışır, yazır, çünki bizdə həmişə belədir – populyar mövzu olan kimi hamı həmin mövzunun mütəxəssisinə çevrilir. Əslində istəyirik ki, turizm Azərbaycanda milli biznesə, xalq biznesinə çevrilsin, hər bir vətəndaş özünü turizmin bir hissəsi kimi qəbul etsin və ondan bəhrələnə bilsin. Təəssüf ki, bizim sosial şəbəkələrdə son zamanlar bizə tam yad olan ksenofobiya, rasizm halları və s. baş qaldırıb. Buna görə də indi cəmiyyəti daha çox maarifləndiririk. Ermənistanın Azərbaycana qarşı təbliğatının qarşısını almaq məsələsində isə bizim medianın bu təxribatların qarşısını almağa gücü çatmır. Azərbaycanda hansı media qurumu bu imkanlara malikdir?

Fuad Babayev: Yəni bizim “əl-Cəzirə”miz yoxdur.

Kənan Quluzadə: Yəni cəmiyyətimiz üçün media iş görür, amma xaricə çıxa biləcək mediamız yoxdur. Turizmdə də eyni vəziyyətdir. Əlbəttə, bir qurum olaraq bütün media ilə əlaqələrimizi qurmağa çalışırıq. Bakıda UEFA kubokunun finalı keçirilən zaman böhranlı vəziyyət oldu. Həmin dövrdə Azərbaycanın turizm potensialını təbliğat etmək üçün “H&K” adlı xarici qlobal partnyorumuz vasitəsilə iki media xab yaratmışdıq, biri Moskvada idi, Avropanı əhatə edirdi, ikincisi Dubaydan Asiyaya tuşlanmışdı. Onların və digər partnyor təşkilatların vasitəsilə bu final oyunu ərəfəsində yaranan böhranda “CNN”-dən, “Euronews”dan tutmuş, Londonun səhər saatlarında yayımlanan FM kanalına qədər xarici media vasitələrinə dərhal çıxa bildik.

Fuad Babayev: Ödənişli əsaslarla təbii ki.

Kənan Quluzadə: Əlbəttə, bizim sazişimiz var və “H&K”-ya ödənişlər edirik. Məsələn, rəsmi olaraq bizim “CNN”-də və s. yerlərdə öz dəqiqələrimiz var və bir ölkə kimi biz onu paket formasında istifadə edə bilirik. Amma həmin vəziyyətdə Azərbaycana maraq çox böyük idi və bəzi yerə ödənişsiz çıxırdıq. Onda gördük ki, gərək olanda və işə peşəkar yanaşanda, vəziyyəti xeyrimizə dəyişə bilirik.

Fuad Babayev: Televiziya kanallarımızda Azərbaycanın hava proqnozunu göstərirlər və adətən, işğal olunmuş ərazilərdəki havanı da diqqətə çatdırırlar. İşğal olunmuş ərazilərdə Azıx mağarası, Gövhərağa məscidi və s. saysız-hesabsız abidələrimiz qalıb. Biz, Azərbaycanın turizm potensialını vəsf edirik, geniş auditoriyaya çatdırırıq. Bəs belə bir şey ola bilərmi, eyni zamanda şğal olunmuş ərazilərimizdəki abidələrdən və sairədən danışaq? Yoxsa bunu etmək mənasızdır; kommersiya nöqteyi-nəzərdən heç nə vəd etmir və əksinə, bəlkə də dırnaq arası turistləri də həvəsləndirmiş olarıq.

Kənan Quluzadə: Əvvəlki strategiyada belə bir şey var idi, sərgilərdə və digər tədbirlərdə Azərbaycana aid stendlərdə işğal olunmuş ərazilər göstərilirdi ki, bəs bu problemlidir və s. Bəs turizmi digər sahələrdən necə aralamaq olar? Yəni biz, özümüzü konflikt yaşayan ölkə kimi təbliğ edə bilmərik.

Fuad Babayev: Onda da turist  qaçacaq. Onlar adətən stabil yerə gedirlər.

Kənan Quluzadə: Bəli, turistləri qaçıra bilərik. Bizim əvvəllər belə bir turizm şüarı var idi: “land of fire”. Çox doğma bir şeydir, amma monitorinq apardıq; araşdırmalar göstərdi ki, xaricilər onu “odlar yurdu” kimi yox, “münaqişə zonası”, “yanan bir yer” kimi başa düşürlər. “Fire” ingilis dilində “flame” kimi getmir. Ona görə biz bu sloqanı dəyişdik. Çünki məhsulunu sata bilmirsən. Məsələn, əvvəl stendlərdə Şuşanın və s. yerlərin çapları gedirdi, materiallar göstərilirdi. Amma bu turist nə Şuşanı tanıyır, nə də Ermənistan və Azərbaycanı, yaxınlaşırdı ki, Şuşa necə gözəldir, ora getmək istəyirəm, bizimkilər də deyirdilər ki, əfsuslar olsun, ora gedə bilməzsiniz, çünki ora Ermənistan tərəfindən işğal olunub. Onlar da gedib Ermənistan stendindən Şuşaya turu alırdılar.

Fuad Babayev: Tutalım ki, stenddə Şuşanı qeyd etmirsiniz, bəs o məsələni necə həll edirsiniz?

Kənan Quluzadə: Elə olmamalıdır ki, mən işğal altında olan gözəl məkanlarımızı təbliğ edim, Ermənistan isə ora turlar satsın. Turizm odur ki, ilk növbədə  sata biləcəyini təbliğ edirsən. Amma bütün platformalarda əks təbliğatın qarşısını mütləq almağa çalışırıq.

Fuad Babayev: Artıq yay başa çatdı. Planlarınız nədir? Bu yay mövsümü üçün gözləntilər özünü doğrultdu?

Göydəniz Qəhrəmanov: Əgər söhbət daxili turizmdən gedirsə, artım var, turistlər gəlir. Aydın məsələdir ki, şirkətlər arasında daim rəqabət var, rəqabət isə qiymətə təsir edir. Turizm şirkətləri əvvəlki illərə nisbətən bu yay daha çox qazandılar. Çünki ölkəmizə gələn turistlərin sayı artıb və artmaqda davam edir. Azərbaycandan xaricə gedən turistlərin sayı da illərlə artır. Ümumiyyətlə turizm, biznes öz yerində, insan öz Vətənini sevməli və bunu düzgün təbliğ etməlidir. Hava limanından başlayaraq restoranlar, kafelər, evlərini kirayə verənlər, hostellər, turizmlə bağlı bütün sahələr – işlərini kim düzgün görsə, bundan bəhrələnəcək. Hamı buradan pul qazana bilər.

Təmkin Məmmədli: Məşhur otel sifarişi saytı olan “booking.com” Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirirmi?

Göydəniz Qəhrəmanov: Səhv etmirəmsə, bu məsələ 2 il əvvəl qalxmışdı. Nazirliyə  müraciət etdik. Onlar da öz tərəfindən araşdırmağa başladılar, lazım olan məktubları yazdılar və onları həmin saytdan götürdülər. Yəni bayaq qeyd etdiyim kimi, nə isə görürüksə, çalışırıq öz gücümüzlə həll edək, gücümüz çatmırsa, dövlətin dəstəyini istəyirik, onlar da dəstək olurlar.

Təmkin Məmmədli: “globespots.com” adlı saytda Arsax top 10 yerlər arasında 6-cı yerdədir.

Kənan Quluzadə: Biz o reytinqlərə əslində heç vaxt inanmırıq.  Məsələn o gün bir jurnalist həmkarımız zəng vurmuşdu ki, Rusiyanın bir avia şirkətində jurnallar paylanır və o jurnalda dolma erməni yeməyi kimi qələmə verilir. Həmin o avaşirkət Azərbaycana da uçur, amma Azərbaycana uçan təyyarələrdə sərnişinlərə həmin jurnal yox, başqa bir jurnal verilir. Turizm nədir? Turizmin bir tərəfi qazancdır, digər tərəfi isə təbliğatdır, yəni bu ikisinin bir balansını tapmaq lazımdır. Bizim bu gün məşğul olduğumuz iş həm təbliğatdan, həm də qazancdan ibarətdir.

Fuad Babayev: Siz çox gərəkli işlə məşğulsunuz. Həqiqətən, nə qədər çox turist gələrsə, hamıya – hədiyyə satana, otellərə, restoranlara, taksilərə də müəyyən qədər pay düşər.

Kənan Quluzadə: Birbaşa və dolayı gəlirlər var. Dolayı hamı qazanır, çünki ölkə qazanır. Vacib deyil ki, hamı suvenir satsın, yaxud taksi sürsün. Turizmdən gələn gəlir birbaşa hiss olunur, yəni turizm dərhal gəlir verən sahədir. Dünya təcrübəsi belədir ki, 1 turist 35 nəfərə qazanc imkanı yaradır. Yəni 1 turistə təqribən 35 nəfər xidmət göstərir. Statistikaya baxsaq, görərik ki, biz bu il artıq 3 milyonuncu turisti qəbul edəcəyik. Bu rəqəm 2-3 il bundan öncə 2 milyon idi. Planlaşdırırıq ki, 2023-cü ilə kimi bu rəqəm il ərzində 4 milyon olsun. Dünya praktikası belədir ki, adam sərhədi keçib ölkə ərazisində 24 saat oldusa, turist sayılır.

Təmkin Məmmədli: Bura xaricdən gələn azərbaycanlılar da daxildir?

Kənan Quluzadə: Onlar da turistdirlər. Doğrudur, ideal turist deyillər, muzeyə-filana getmirlər, ancaq o biri turistlərdən ki, az pul xərcləmirlər.

Təmkin Məmmədli: Sanki turistlər arasında ərəb ölkələrindən gələnlər üstünlük təşkil edirlər. Elə etmək olmazdı ki, Hindistan, Pakistan kimi ölkələrdən də gələn turist sayı artsın?

Kənan Quluzadə: Ərəb ölkələri turist siyahısında heç zaman üstünlük təşkil etməyib. Bizim turist bazarında əsas ölkələr Gürcüstan, Rusiya, Türkiyə, İran və Yaxın Şərq ölkələridir. Yaxın Şərqdən gələnlərin sayında 13 faiz azalma var ki, bu da İraq, Bəhreyn, BƏƏ kimi ölkələrin hesabınadır. Amma Səudiyyə Ərəbistanından gələnlərin sayında 25 faiz artım var. Bu ölkə artıq Azərbaycana gələn turistlər üzrə ilk beşliyə daxildir. Lakin bu sahədə ən ciddi artım tempi Hindistan, Pakistan və Çin ilə bağlıdır. Bu il turist sayında Avropadan da ciddi artım var, bu qitədən ölkəmizə daha çox Böyük Britaniya və Almaniya vətəndaşları gəlir. Həmçinin Amerikadan, Afrikadan da gələn turistlərin sayı artıb. 2019-cu il ilə 2018-ci ilin avqustunu müqayisə edəndə görürük ki, 13 faiz artım var.

Mənbə: http://1905.az