Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Braziliya Tur Operatorları Assosiasiyası (Braztoa) və Braziliya Səyahət Agentlikləri Assosiasiyası (ABAV) arasında əməkdaşlıq əlaqələrinin perspektivləri onlayn görüşdə müzakirə olunub.
Braziliya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzun və ATAA-nın Gəlmə, Getmə və Beynəlxalq Əlaqələr Komitələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Braziliyanın turizm imkanlarının qarşılıqlı tanıdılması, turizm məhsullarının təşviqi, bu istiqamətlərin cəlbediciliyinin artırırılması məqsədilə birgə layihələrin və təkliflərin hazırlanması, o cümlədən B2B formatlı görüşlərin keçirilməsi, qarşılıqlı informasiya mübadiləsinin genişləndirilməsi, tanıtım məqsədli səfərlərin təşkili və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı tərəflər, Azərbaycan və Braziliya arasında turizm sahəsində əməkdaşlığın inkişafının hər iki ölkənin turizm bazarına töhfə verəcəyini və yeni imkanlar yaradacağını vurğulayıblar.
Görüş çərçivəsində ATAA üzvləri 8-10 oktyabr tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək ABAV | Beynəlxalq Turizm Sərgisi 2025 (ABAV | Expo Internacional de Turismo 2025) sərgisinə dəvət ediliblər.