• USD 1.7
  • 8 °C
|

ATAA sədri Şimali Avropa və Baltik regionundan olan bir sıra turizm nümayəndələri ilə görüşüb

13 March 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Şimali Avropa və Baltik regionundan olan bir sıra turizm nümayəndələrini qəbul edib.

Aristokrat Travel tərəfindən Azərbaycana təşkil olunan infotur çərçivəsində baş tutan görüş zamanı Göydəniz Qəhrəmanov qonaqlara Assosiasiyanın Azərbaycanın turizm sektorundakı əsas iş prinsipi, ölkə turizminin inkişafındakı rolu və üzvləri haqqında geniş məlumat verib. ATAA sədri Assosiasiyanın ölkədə fəaliyyət göstərən turizm şirkətlərini bir araya gətirərək sektorun inkişafına, beynəlxalq əlaqələrin genişlənməsinə və turizm xidmətlərinin keyfiyyətinin artırılmasına əhəmiyyətli dəstək göstərdiyini qeyd edib.

Avropalı qonaqlar öz növbəsində Azərbaycanın son illərdə mədəni, qış, dağ və təbiət turizmi, həmçinin sağlamlıq və gastronomiya turizmi sahəsində böyük nailiyyətlər qazandığını, müasir infrastrukturun yaradıldığını, dövlət tərəfindən atılan addımlar sayəsində ölkənin beynəlxalq turistlər üçün cəlbedici istiqamətlərdən birinə çevrildiyini diqqətə çatdırıblar.

Görüş çərçivəsində ATAA üzvləri ilə birbaşa əlaqələrin qurulması, birgə tur paketlərinin hazırlanması, qarşılıqlı infoturların təşkili və turizm sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, infoturun əsas məqsədi Şimali Avropa və Baltik ölkələrindən olan turizm nümayəndələrini Azərbaycanın turizm potensialı, müxtəlif turizm məhsulları və ölkənin turizm infrastrukturu ilə yaxından tanış etmək, eyni zamanda qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etməkdir