Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Özbəkistanın bir sıra turizm nümayəndələri ilə görüşüb.
Saf Tour şirkətinin Azərbaycana təşkil etdiyi infotur çərçivəsində keçirilən görüşdə ATAA sədri qonaqlara Assosiasiyanın fəaliyyəti haqqında ətraflı məlumat verib, Azərbaycanın turizm sənayesi üçün Özbəkistanın maraqlı destinasiyası olaraq önəmindən, son illər turizm sahəsində artan qarşılıqlı əlaqələrin müsbət dinamikasından bəhs edib, həmçinin dövlətlərimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin inkişafına yönəlik fikirlərini bölüşb.
Özbəkistan nümayəndə heyətinin üzvləri öz növbəsində Azərbaycanın turizm potensialının və son illərdə bu sahədə qazanılan uğurları yüksək qiymətləndirib, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin iş birliyinin formalaşdırılmasına töhfə verəcəyini qeyd ediblər.
Görüş çərçivəsində iki ölkə arasında turizm marşrutlarının və məhsullarının qarşılıqlı təşviqi, turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin təşkili və qarşılıqlı təcrübə mübadiləsinin aparılması, o cümlədən kombo turların yaradılamsı, birbaşa aviauçuşların aktivliyinin artırılması və turizm axınının genişləndirilməsi müzakirə olunub.
Qeyd edək ki, 2024-cü ilin statistik məlumatlarına əsasən Özbəkistandan Azərbaycana səfər edən ziyarətçilərin sayı 46.396 nəfər təşkil edib. Daşkənd-Bakı-Daşkənd reysləri üzrə Azərbaycan Hava Yolları tərəfindən həftədə 5 dəfə, Özbəkistan Hava Yolları vasitəsilə həftədə 4 dəfə uçuşlar həyata keçirilir.