Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzey və qoruqlarla əməkdaşlıq əlaqələrinin inkişafı və iş birliyinin genişləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə ölkənin zəngin mədəni irsinin və tarixi abidələrinin turizm potensialı baxımından daha geniş auditoriyaya təqdim olunmasının vacibliyini bildirən Göydəniz Qəhrəmanov, bu sahədə dövlət və özəl sektor arasında koordinasiyalı fəaliyyətin əhəmiyyətini qeyd edib. ATAA sədri Assosiasiyanın ölkənin milli mədəniyyətinin tanıdılması istiqamətində qarşılıqlı fəaliyyətlərin artırırılmasında maraqlı olduğunu vurğulayıb.
Mustafa Abbasbəyli öz növbəsində Mədəniyyət Nazirliyinin turizm yönümlü qurumlarla əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini bu istiqamətdə gələcəkdə də mümkün dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.
Assosiasiyanın komitələrinin və bir sıra nümayəndələrinin də qatıldığı görüşdə mədəni marşrutların yaradılması,paytaxtda və regionlarda yerləşən muzey və mədəniyyət obyektlərinin turizm paketlərinə daxil edilməsi, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən birgə layihələrin icrası və infoturların təşkili ətrafında fikir mübadiləsi aparılıb.
Xalça muzeyində baş tutan görüş çərçivəsində həmçinin ATAA nümayəndələrinə muzeyin fəaliyyəti haqqında məlumat verilib və xalça nümunələri nümayiş olunub.