
İkitərəfli turizm əlaqələrinin inkişafı və əməkdaşlığın gücləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Albaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Besart Kadia və müşaviri Dorian Koçi arasında keçirilən görüşdə müzakirə olunub.
Görüş zamanı Azərbaycan ilə Albaniyanın turizm qurumları ilə iş birliyinin genişləndirilməsinə, qarşılıqlı turist səfərlərinin davamlılığının təmin olunmasına, ortaq layihələrin hazırlanmasına,o cümlədən iki ölkənin turizm potensialının qarşılıqlı şəkildə tanıdılması,məqsədli səfərlərin təşkilinə dair fikir mübadiləsi aparılıb. Bununla yanaşı əməkdaşlığın formalaşdırılması, turizm yönümlü qurumlarla təcrübə mübadiləsinin aparılması, turizm agentlikləri arasında B2B formatlı görüşlərin keçirilməsi, yeni turizm marşrutlarının yaradılması və müxtəlif turizm məhsullarının qarşılıqlı təşviqi ilə bağlı perspektivlər də diqqət mərkəzində olub.
Müzakirələr çərçivəsində həmçinin iki ölkə arasında birbaşa uçuşların təşkili imkanları, bunun turizm cəlbediciliyinə verə biləcəyi töhfələr, qarşılıqlı maraq doğuran turizm paketlərinin formalaşdırılması imkanları nəzərdən keçirilib.
Görüş zamanı tərəflər Azərbaycan və Albaniyanın zəngin turizm potensialının qarşılıqlı şəkildə tanıdılmasının və gələcəkdə bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.