• USD 1.7
  • 29 °C
|

ATAA üzvləri Hindistanın turizm sənayesi nümayəndələri ilə B2B görüş keçiriblər

27 August 2026
img
Azərbaycan Turizm Bürosunun Hindistanda fəaliyyət göstərən MICE turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana təşkil etdiyi tanışlıq səfəri çərçivəsində ATAA nümayəndələri ilə Biznes2Biznes (B2B) görüş keçirilib.
Görüşün əsas məqsədi Azərbaycan və Hindistanın turizm şirkətləri arasında MICE turizmi sahəsində işgüzar əlaqələrin gücləndirilməsi, birbaşa tərəfdaşlıq imkanlarının yaradılması və Azərbaycanda korporativ tədbirlərin keçirilməsi, qrup səfərlərini təşkili istiqamətində əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi olub.
B2B sessiyası zamanı ATAA üzvləri Assosiasiyanın fəaliyyəti, üzv şirkətlərin MICE turizmi sahəsində təqdim etdiyi xidmətlər, Azərbaycanın biznes turizmi potensialı və bu istiqamətdə yaradılan imkanlar barədə Hindistanlı həmkarlarını məlumatlandırıblar.
Görüş çərçivəsində Azərbaycanda Hindistan şirkətləri üçün korporativ tədbirlərin, konfransların və digər MICE proqramlarının təşkili, uyğun turizm məhsullarının və xüsusi turpaketlərin hazırlanması məsələləri nəzərdən keçirilib.
Bununla yanaşı, qarşılıqlı turist axınının artırılması, Hindistan bazarında Azərbaycanın MICE imkanlarının təşviqi, turizm məhsullarının birgə tanıdılması, yeni tərəfdaşlıqların qurulması və gələcəkdə qarşılıqlı tanışlıq səfərlərinin təşkil edilməsi istiqamətində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.