• USD 1.7
  • 34 °C
|

ATAA ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlıq əlaqələri müzakirə edilib

24 August 2026
img

Qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və yeni layihələr və istiqamətlər üzrə inkişaf etdirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud arasında keçirilən görüşdə müzakirə olunub.

Görüşdə Göydəniz Qəhrəmanov İdarə sədrinə Assosiasiyanın fəaliyyəti, ölkə turizminin inkişafında və tanıdılmasında rolu, üzv şirkətlər, o cümlədən komitə və komissiyalar haqqında ətraflı məlumat verib.

Qoruğun fəaliyyətinin əsas prioritetlərindən birinin yerli turizm şirkətləri və bütövlükdə turizm sənayesi ilə əməkdaşlığın daha da gücləndirilməsi olduğunu deyən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud qoruğun qarşıdakı dövrdə muzey və turizm imkanlarını birləşdirən mühüm mərkəzlərdən biri kimi fəaliyyətini genişləndirəcəyini, ziyarətçilərə təqdim olunan muzey məhsullarının şaxələndirilməsi məqsədilə yeni muzey layihələrinin həyata keçiriləcəyini qeyd edib. O, bu çərçivədə Numizmatika Muzeyi, Miniatür Sənət Müzeyi, Bakı İllüziya Muzeyi, İçərişəhər Muzeyi və Çaydan Muzeyi kimi yeni məkanların fəaliyyətə başlayacağını diqqətə çatdırılıb.

Bundan əlavə, görüşdə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda fəaliyyət göstərən muzeylər və yeni ekspozisiyalar barədə də məlumat verilib. Burada antik əşyalar və sənət nümunələrinin təqdim olunduğu muzeylər, eləcə də rəssamlıq və digər yaradıcı istiqamətlər üzrə yeni layihələrin ziyarətçilərə təqdim edilməsinin nəzərdə tutulduğu vurğulanıb.

Görüşdə həmçinin muzey xidmətlərinin rəqəmsallaşdırılması məsələsinə də xüsusi diqqət yetirilib. Bildirilib ki, muzeylərə giriş biletlərinin əldə olunması, ziyarətçilərin qeydiyyatı və turizm şirkətləri üçün müvafiq prosedurların sadələşdirilməsi istiqamətində rəqəmsal həllərin tətbiqi həyata keçirilir. İdarə sədri yeni sistemin tətbiqi ilə turizm şirkətlərinin rəsmi internet platformasında yaradılacaq şəxsi kabinet vasitəsilə muzey biletlərini daha operativ və rahat şəkildə əldə edə biləcəklərini qeyd edib.

Bundan başqa tərəflər arasında birgə tədbirlərin təşkili, İdarənin illik təqvim proqramının ATAA üzvləri ilə bölüşülməsi, Assosiasiya üzvləri üçün İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna tanışlıq məqsədli infoturların təşkili ilə bağlı razılıq əldə olunub.

Müzakirələr zamanı tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi,turizm şirkətlərinin İçərişəhərin və onun muzeylərinin imkanlarından daha səmərəli istifadəsinin təmin edilməsi, eləcə də yeni turizm məhsullarının yaradılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.