Martın 13-də “Baku Marriott Hotel Boulevard” hotelində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nəzdində fəaliyyət göstərən Getmə Turizm Komitəsi tərəfindən üzv şirkətlər üçün açıq qapı günü keçirilib.
Görüşün məqsədi üzv şirkətlərin fəaliyyəti zamanı turizm sektorunun müxtəlif sahələrində üzləşdikləri çətinliklər haqqında ətraflı məlumat əldə etmək, onların fikir və təkliflərini dinləmək və həlli yollarını müzakirə etməkdir.
20 üzv şirkətin iştirakı ilə baş tutan tədbirdə 2025-ci ilin yay mövsümü üçün təklif olunan erkən rezervasiyalar, Misir , El Alamein, Mərakeş, Tayland, Vyetnam, Balı və bir sıra digər istiqamətlər üzrə reyslərin olmaması və ya mövcud uçuşların sayının artırılması, səfirliklərdə vizaların alınmasında növbələrdə yaşanan çətinliklər və ya yerlərin saxlanılması, o cümlədən rəsmi qeydiyyatı olmayan şirkətlərə və demping hallarına qarşı tədbirlərin gücləndirilməsi, turoperatorlarla əməkdaşlığın genişləndirilməsi kimi məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşün sonunda üzv şirkətlər tərəfindən səsləndirilən fikir və təkliflərin Getmə Turizm Komitəsi tərəfindən İdarə Heyətinin diqqətinə çatdırılacağı və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyi vurğulanıb.
Tədbir çərçivəsində üzv şirkətlərə “Shusha Hotel and Conference Center”in təqdimatı nümayiş olunub.