• USD 1.7
  • 18 °C
|

Bakıda rifah və tibbi turizmin gələcək perspektivlərinə dair konfrans keçirilir

15 Oktyabr 2025
img

Oktyabrın 15-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Baklda “Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda dövlət qurumlarının nümayəndələri, sahə üzrə yerli ekspertlər, sanatoriya, tibbi və rifah mərkəzlərindən nümayəndələr, o cümlədən Türkiyə, Macarıstan, Tayland, Böyük Britaniya, Çin, Almaniya kimi ölkələrdən mütəxəssislər olmaqla, ümumilikdə 250 nümayəndənin iştirakı ilə rifah və tibbi turizmin inkişaf perspektivləri, həmçinin beynəlxalq əməkdaşlıq imkanlar barədə müzakirələr aparılıb.

Konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova sağlamlıq turizmi sahəsində Agentlik tərəfindən görülən işlər, ölkədə sağlamlıq turizmi üzrə mövcud potensial, onun inkişaf etdirilməsi istiqamətlərindən bəhs edib.

Azadə Hüseynova sağlamlıq turizminin təməl iki istiqaməti olan tibb və rifah turizminin inkişafında dövlət dəstəyinin, ölkə rəhbərliyinin diqqətini vurğulayaraq, sahənin genişlənməsi üçün maraqlı tərəflərin iştirakçılığının təşviq edilməsinin vacibliyini qeyd edib.

O, qarşıdakı illər ərzində sağlamlıq turizmi üzrə idarəetmə çərçivəsinin inkişaf etdirilməsi, sahə üzrə tənzimləmə potensialının artırılması, ölkənin tibbi turizm potensialının təbliğ edilməsi və əlçatanlığın artırılması üzrə prioritet istiqamətlərin müəyyənləşdirildiyini bildirib.

Tədbirdə çıxışı zamanı Azərbaycanda sağlamlıq turizmi ilə bağlı müsbət tendensiyanın müşahidə olunduğunu deyən Milli Məclisin deputatı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasını İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bu istiqamətdə ölkə başçısınin tapşırığına əsasən dövlət tərəfindən lazımi infrastrukturun qurulduğunu diqqətə çatdırıb. O Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini, turizmin qeyri-neft-qaz sektorunun önəmli sahələrindən biri olduğunu, həmçinin ölkəmizə valyuta axınını təmin etdiyini və yeni iş yerləri yaradılmasına şərait yaratdığını bildirib.

2 gün davam edəcək konfrans çərçivəsində sağlamlıq və rifah turizmi sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin sərgisi təşkil edilib.

Sərgidə 40-a yaxın yerli sanatoriya, kurort, tibbi reabilitasiya və spa mərkəzləri, xəstəxana və klinikalar, eləcə də beynəlxalq tərəfdaş şirkətlərin xidmət və məhsulları nümayiş olunub.

Tədbir müddətində iştirakçılar arasında B2B formatında görüşlər keçirilib və birgə əməkdaşlıq imkanları müzakirə olunub.