Azərbaycan Mətbəxi

Azərbaycan mətbəxinin yaradılmasına və inkişafına təsir göstərən ən mühüm amillər buranın iqlimi, xalqın tarixi-coğrafi yerləşmə məkanı, qonşu xalqlarla qarşılıqlı bağlılığıdır. Qədim ticarət karvanlarının və hərbi yolların Azərbaycan ərazisindən keçməsi Azərbaycan mətbəxinə müəyyən təsir göstərib. Ümumtürk etnosuna mənsubluq eyniadlı, eyni kökə malik xörəklərin olmasına gətirib çıxarsa da, Azərbaycan mətbəxini ümumtürk mətbəxinin tacı saymaq olar. Zövq yaxınlığı baxımından Azərbaycan mətbəxi Anadolu mətbəxinə daha yaxındır. Ərəblərlə  uzunmüddətli əlaqələr bizim mətbəxə qəhvə bəxş etmiş, tarixi "İpək Yolu" uzaq Çindən bu yerlərə çayı gətirmişdir. Digər tərəfdən Rusiya vasitəs ilə Avropa mətbəxi ilə tanışlığa imkan yaranmışdır. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Azərbaycanda neft sənayesinin inkişafı ilə bağlı olaraq Avropa mətbəxi ilə birbaşa tanışlıq mümkün olmuşdur. Azərbaycanın milli mətbəxi son dərəcə zəngindir. Bu gün milli  mətbəxdə 2000-ə yaxın xörək növü məlumdur.


Azərbaycan  mətbəxində ev quşlarından, vəhşi quşların ətindən və yumurtalarından geniş istifadə edilir.  Bu quş ətlərindən qaz, hind toyuğu, ördək, toyuq əti  xüsusi ilə seçilir.  Eyni zamanda erkək qoç əti və mal ətindən də geniş istifadə olunur.


Xəzər dənizi, Kür, Araz və digər çaylar, Göy-göl, Ceyranbatan, Göycə və digər göllər mətbəximizi ləzzətli balıq xörəkləri ilə də zənginləşdirmişdir. Qızardılmış, pörtlədilmiş, farş edilmiş balıqlardan hazırlanan çoxlu sayda müxtəlif yeməklər masaları bəzəyir. Eyni zamanda qara, qırmızı və sıxılmış balıq kürülərindən geniş istifadə olunur.


Azərbaycanın süd mətbəxi  də son dərəcə geniş çeşidli və zəngindir. Süd, ağız süd, bulama, qatıq, pendir, duq, qaymaq, çiyə, ayran, şor və digər süd məhsulları və onlardan hazırlanan xörəklər - dovğa, doğramac, ayran aşı, atlama, südlü sıyıq və digər xörəklər milli mətbəxi zənginləşdirir.


Azərbaycanlılar müxtəlif formada, qalınlıqda və hazırlanma üsuluna görə fərqli çörəklərə: yuxa, fətir, lavaş, səngək, xamralı, təndir çörəyi və s. un məhsullarına xüsusi həssaslıq və hörmətlə yanaşırlar.  Bu baxımdan xəmir xörəkləri və kulinar məmulatları bizim mətbəxdə xüsusi yer tutur. 


Havalar istiləşdikcə süfrələrdə ət və xəmir xörəklərinin sayı azalır və əksinə, becərilən və yabanı bitkilərdən xörəklərin hazırlanma payı artır. Milli mətbəximizdə ən gözəl xörəklərdən biri  plov sayılır və plovun 200-ə yaxın növünün olduğu bildirilir.


Milli mətbəxin geniş yayılmış xörək növlərindən biri də dolmadır. Dolmanın Azərbaycan mətbəxində 30-dan çox növü məlumdur. Azərbaycan dolmasının döyülmüş ətin büküldüyü materiala (yarpaq dolması, əvəlik dolması, kələm dolması, badımcan dolması, bağayarpağı dolması), eləcə də hazırlanan içliyin xüsusiyyətinə görə (yalançı dolma, müqəşşərli dolma və s.) olmaqla fərqli növləri vardır. Dolma 2017-ci ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.


Azərbaycan mətbəxində şirniyyat, qənnadı məmulatları və halva xüsusi yer tutur. Bu gün "paxlava", "şəkərbura", "rahat lükum", "riçal", "sucuq", "peşmək", "peşvəng", "quymaq", "qatlama", "yuxa halvası" və s. əksəriyyətin sevdiyi şirniyyatlar hesab edilir.

Azərbaycanda meyvələrin bolluğu mətbəximizdə ləzzətli məmulatların yaradılmasına səbəb olmuşdur. Bunlar - müxtəlif mürəbbələr, kompotlar, cemlər, zoğal, heyva, gilas, əncir, qoz ləpəsi və qızıl gül ləçəklərindən hazırlanan şəkərlənmiş məmulatlardır.


Azərbaycanda turşulaşdırmanın və duzun köməyi ilə tərəvəzin konservləşdirilməsi (tutma) da geniş tətbiq edilir.

Müalicəvi və pəhriz mətbəxi Azərbaycan kulinariyasında xüsusi yer tutur. "Umac", "xaş", "hörrə", "quymaq" və s. kimi bir sıra xörəklərdən qədim zamanlardan bəri müxtəlif xəstəliklərdə müalicə faktoru kimi istifadə olunur.

Milli mətbəxin əsas hissəsi mərasim və bayram xörəkləridir. Azərbaycan mətbəxində menyunu adətən ilin vaxtını, havanı, yaşı, istehlakçının həyat tərzini, məkanı və s. nəzərə almaqla tərtib edirlər.

Yeməklərin aran yeməyi, pəhriz yeməyi, zahı qadının yeməyi, gəlinin yeməyi, bəyin yeməyi, uşaqların, gənclərin və qocaların yeməkləri kimi qrupları məlumdur.


Mətbəximizin növ müxtəlifliyi ilə zəngin hissələrindən biri - içkilərdir. Tutdan, zoğaldan və digər bitkilərdən araq çəkilir ki, bundan əsasən müalicəvi vasitə kimi istifadə edirlər. Distillyasiyanın köməyi ilə müxtəlif bitkilərdən alkoholsuz müalicəvi araqlar, cövhərlər və digər distillyasiyalar hazırlanır.

Digər türk mətbəxlərində olduğu kimi Azərbaycanda da süddən və turşumuş süd məhsullarından "ayran", "atlama", "bulama" kimi çoxlu içkilər hazırlayırlar.

Çay Azərbaycan mətbəxində xüsusi yer tutur. Masaları çaysız təsəvvür etmək mümkün deyil. Qəhvə və kakao çayla müqayisədə az istifadə olunur. Səhərlər süfrəyə qaynadılmış isti süd və süddən içkilər verilir.İçkilər arasında Azərbaycanın mineral suları - "İstisu", "Badamlı", "Sirab" və s. özəl yeri var. Onlar süfrəyə susuzluğu yatırmaq üçün verilir, eyni zamanda müalicəvi xassələri vardır. Lakin, təbii ki, ən yaxşı içki Azərbaycan bulaqlarının buz kimi soyuq suları hesab edilir.