• USD 1.7
  • 28 °C
|

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə “AVIS” şirkəti arasında beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilib

19 İyun 2025
img

Dünyanın aparıcı avtomobil kirayəsi brendlərindən biri olan “AVIS” şirkəti ilə əməkdaşlıq perspektivləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədr Göydəniz Qəhrəmanovla “AVİAREPS” şirkətinin Azərbaycan və Mərkəzi Asiya regionu üzrə direktoru Ayan Zeynalova və Azərbaycan üzrə meneceri Nigar Məmmədova arasında keçirilən görüşdə müzakirə olunub.

Görüş zamanı Göydəniz Qəhrəmanov ATAA -nın və üzvlərin Azərbaycanın turizm bazarında fəaliyyəti, ölkə turizminin inkişafında rolu haqqında məlumat verib. Azərbaycanın turizm sənayesinin beynəlxalq şəbəkələrə inteqrasiyasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Göydəniz Qəhrəmanov yeni əlaqələrin qurulmasının, əməkdaşlıq imkanlarının genişləndirilməsinin həm turizm şirkətləri, həm də ölkədən xaricə səfər edən turistlər üçün əlavə imkanlar yaradacağını bildirib. ATAA sədri bu əməkdaşlıq modeli sayəsində üzv şirkətlərin turistlərə dünyanın müxtəlif ölkələrində etibarlı nəqliyyat imkanları təqdim edə biləcəyini qeyd edib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə əməkdaşlığın yeni və maraqlı tərəfdaşlıq platforması olacağını deyən Ayan Zeynalova əsas məqsədlərinin turizm sənayesinin aparıcı iştirakçıları ilə əməkdaşlıq quraraq, qlobal miqyasda turistlərə rahat səyahət imkanları təqdim etmək olduğunu vurğulayıb.

Görüşdə üzv şirkətlərin beynəlxalq səviyyədə “AVIS” platforması ilə inteqrasiyası, qlobal turizm bazarında birgə əməkdaşlıq imkanları və gələcək tərəfdaşlıq istiqamətlərinin qurulması, vətəndaşlarımızın xaricə səfərləri zamanı avtomobil kirayəsi xidmətlərinin daha rahat və səmərəli şəkildə təqdim olunması ətrafında fikir mübadiləsi aparılıb.