Azərbaycan Turizm Agentlikləri Assosiasiyası 2019-cu ilin avqust ayından etibarən quruma üzvlüklə bağlı sənəd qəbulunu həyata keçirir. Hazırda Assosiasiyaya Azərbaycanın turizm bazarında tanınan və öz peşəkarlığı ilə seçilən 216 şirkət daxildir.
Assosiasiya, üzv olan agentliklərə vahid mərkəz olaraq hüquqi yardımların göstərilməsini təmin edir, o cümlədən onların turizm sahəsində inkişaf etmələrinə, öz potensiallarını artırmalarına, xarici tərəfdaşlarla fəaliyyətlərinin genişləndrilməsinə dəstək göstərir.
Bununla yanaşı, maarifləndirmə işlərinin aparılmasını, təlimlərin keçirilməsini həyata keçirir, üzv olan agentliklərin beynəlxalq turizm bazarlarına çıxış imkanlarına köməklik göstərir.
Assosiasiyaya üzv olmaq üçün ictimai qurumun İdarə Heyəti tərəfindən müəyyən edilmiş üzvlüyə namizədlik standartları mövcuddur:
– Assosiasiyaya yalnız hüquqi şəxslərin namizədliyi qəbul edilir.
– Namizədliyi irəli sürülən şirkətin rəsmi işçilərinin sayı 3 nəfər və stabil fəaliyyət müddəti minimum 1 il olmalıdır.
– Üzvülüyə namizədlərin sosial şəbəkələrdə aktiv və qüsursuz fəaliyyəti olmalıdır.
– Müasir standartlara uyğun maddi texniki baza və ofis təchizatı olmalıdır.
– Azərbaycanın Sosial İqtisadi Bazarında yüksək qiymətləndirilən fəaliyyəti olmalıdır.
– Şirkətin açıq və şəffaf şirkət kapitalizasiyası və vergi strategiyası olmalıdır.
Namizədlərin Assosiasiyaya üzv seçilməsi İdarə Heyətinin iclaslarında müzakirə edilir və son qərar İdarə Heyəti tərəfindən verilir.
Assosiasiyaya üzv olmaq üçün turizm şirkətləri üzvlük haqqında müraciət ərizəsini, üzvlüyə namizədlik formasını müvafiq olaraq doldurmalı və üzvlük üçün tələb olunan digər sənədlərlə birgə Assosiasiyanın Bülbül pr 14 ünvanında yerləşən ofisinə təqdim etməlidir.