• USD 1.7
  • 16 °C
|

Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun 5-ci iclası keçirilib

7 April 2026
img
Antalya şəhərində Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun 5-ci iclası keçirilib.
İclasda turizm sahəsində ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət imkanları, turizm təhsili, turizm məqsədli sahilyanı ərazilərin idarə olunması, qış, sağlamlıq və qastronomiya turizmi istiqamətləri, eləcə də dayanıqlı turizm üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, regional turizm və mədəni irsin idarə olunması, marketinq və təbliğat sahəsində təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, həmçinin 2026-cı il üçün birgə Fəaliyyət Proqramının hazırlanması mövzularına toxunulub.
İclas Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun həmsədrliyi ilə keçirilib və tədbirdə turizm sənayesi üzrə ixtisaslaşmış qurumların nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində 2025-ci il üzrə Birgə Fəaliyyət Planının icrası qiymətləndirilib, 2026-cı il üçün yeni Birgə Fəaliyyət Planı üzrə prioritet istiqamətlər müəyyənləşdirilib.
Həmçinin BMT Turizm Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Lahıc üçün BMT Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” nominasiyası üzrə müraciəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA), Azərbaycan Hotel Assosiasiyası (AHA), həmçinin Türkiyə tərəfdən Türkiyə Hotel Assosiasiyası (TÜROB) və Türkiyə Səyahət Agentliklər Birliyi (TÜRSAB) nümayəndələri iştirak ediblər.
İclasın yekununda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair Protokol imzalanıb.