Turizm sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişafına və gələcək perspektivlərə dair məsələlər Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrmanovla Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil arasında keçirilən görüşdə müzakirə olunub.
Görüş zamanı ATAA sədri Malayziya səfirinə Assosiasiyanın fəaliyyət istiqamətləri, ölkə turizminin inkişafında oynadığı rolu və üzvlərin potensialı barədə ətraflı məlumat verib.
ATAA-nın turizm sahəsində fəaliyyət göstər beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən Göydəniz Qəhrəmanov bu istiqamətdə Malayziyanın Tur və Səyahət Agentlikləri Assosiasiyası ilə iş birliyinin formalaşdırılmasında və əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. O, həmçinin Malayziyanın Azərbaycanda ATAA üzvülərinə tanıdılmasına, eləcə də azərbaycanlı turistlərin bu ölkəyə səfərlərinin təşviqinə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
Malayziya səfiri ölkəsinin turizm imkanlarından bəhs edərək, son illər istirahət, ekoturizm və sağlamlıq turizminin inkişafı, eləcə də turist cəlbediciliyi baxımından əhəmiyyətli irəliləyişin əldə olunduğunu qeyd edib. Azərbaycanın turizm potensialını, qonaqpərvərliyini və milli mətbəxini yüksək qiymətləndirən Ahmad Kamrizamil iki ölkənin turizm təşkilatları arasında turizm mübadiləsinin artırılmasının gələcəkdə xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Görüş çərçivəsində iki ölkənin turizm assosiasiyaları və turizm yönümlü digər təşkilatları ilə turizm əlaqələrinin qurulması üçün onlayn və B2B formatlı görüşlərin keçirilməsi, turizm sahəsində birgə layihələrin icrası, tanışlıq səfərlərinin təşkili və qarşılıqlı tanıtım kampaniyalarının həyata keçirilməsi, eləcə də təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.